Azərbaycanın hidrogeloji və geoloji prosesləri öyrənən yeni xəritələri hazırlanmışdır
Bakı, 23 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının yeni xəritələri hazırlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, xəritələr Milli Geoloji Kəşfiyyat Xidmətinin kompleks hidrogeologiya və mühəndis geologiyası, o cümlədən geoloji planalma ekspedisiyalarının materialları əsasında tərtib olunmuşdur.
Azərbaycan Respublikasının hidrogeoloji xəritəsində ölkənin dağlıq və dağətəyi düzənliklərində yayılmış yeraltı sulu komplekslər və sukeçirməyən süxur kompleksləri, yeraltı suların əsas qidalanma və boşalma mənbələri, habelə yeraltı suların kimyəvi və qaz tərkibi, onların minerallaşması haqqında ən yeni məlumatlar əks olunmuşdur. Xəritə tərtib edilərkən respublikanın yeraltı su ehtiyatlarının əsas hissəsinin (70 faizə qədər) cəmləşdiyi Qanıx-Əyriçay, Samur-Şabran, Gəncə-Qazax, Qarabağ-Mil dağətəyi düzənliklərində axtarış-kəşfiyyat işləri aparılmış, bütövlükdə 500-ə qədər axtarış-kəşfiyyat quyusu qazılmışdır. Ümumiyyətlə bu xəritədə 1:2500000 miqyasda ölkə ərazisinin hidrogeoloji rayonlaşdırılması, az minerallaşmış yeraltı suların intişar tapdığı süxurların qalınlığı və düzənlik zonaların kontinental çöküntülərinin litoloji tərkibi öz əksini tapmışdır.
Azərbaycan Respublikası ərazisində ekzogen geoloji proseslərin təhlükəlilik dərəcəsinə görə rayonlaşdırma xəritəsində isə təbii və texnogen amillərin təsirindən mütəmadi aktivləşən təhlükəli, eləcə də stabilləşmiş sürüşmə, uçqun, çökmə, sel, subasma, bataqlıqlaşma və eroziya proseslərinin inkişaf etdiyi sahələr göstərilmişdir. Xəritədə ölkə ərazisi ekzogen geoloji proseslərin (sürüşmə, uçqun, çökmə, sel, subasma, bataqlıqlaşma, eroziya və s.) yayılmasının intensivliyinə görə rayonlaşdırılmış, həmçinin geoloji proseslərin zəif, orta, güclü, şiddətli olması baxımından 4 rayona bölünməklə təsnifatı verilmişdir.
Xəritələrin hazırlanması zamanı respublika ərazisində aparılmış bütün geoloji, hidrogeoloji və mühəndis-geoloji tədqiqatların nəticələri toplanaraq elmi cəhətdən təhlil olunmuş və müvafiq ardıcıllıqla sistemləşdirilmişdir.