AZƏRBAYCANIN MİSİRDƏKİ SƏFİRLİYİ ÖLKƏNİN NÜFUZLU QƏZETLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ÜÇÜN İFTAR SÜFRƏSİ AÇMIŞDIR
Səfirliklə jurnalistlər arasındakı əməkdaşlığı yüksək qiymətləndirən səfir Faiq Bağırov, Azərbaycan haqqında məlumatların Misir ictimaiyyətinə çatdırılmasında köməyə görə təşəkkür etmişdir.
F.Bağırov 2006-cı ildə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən iki mötəbər tədbirin – İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 33-cü və turizm nazirlərinin 5-ci konfranslarının açılışında Prezident İlham Əliyevin çıxışı barədə məlumat vermiş, həmin tədbirlərdə Ermənistanın Azərbaycana hərbi təcavüzünə, işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdılmasına dair qətnamələrin qəbul edildiyini bildirmişdir.
Səfir son illər Azərbaycan-Misir münasibətlərinin xeyli inkişaf etdiyini, bir sıra müştərək tədbirlərin və qarşılıqlı səfərlərin həyata keçirildiyini demişdir.
Regionda Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələrindən danışan diplomat, ölkəmizin rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində apardığı danışıqlar prosesi barədə məlumat vermişdir.
Jurnalistlərlə görüşdən bir gün sonra “Əl-Cümhuriyyə”, “Əl-Ehram”, “Əl-Axbar”, “Əl Yaum” qəzetlərində “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan və Ermənistan arasında danışıqların yeni mərhələsi” və s. başlıqlar altında məqalələr çap olunmuşdur.