AZƏRBAYCANIN MOSKVADAKI SƏFİRİ “RİA NOVOSTİ” AGENTLİYİNƏ MÜSAHİBƏ VERMİŞDİR
P.Bülbüloğlu regionda yaranmış vəziyyət, o cümlədən Rusiya ilə Gürcüstan arasında münasibətlərin kəskinləşməsinin bu vəziyyətə təsirinin mümkünlüyü barədə suala cavabında əmin olduğunu bildirmişdir ki, son hadisələrə baxmayaraq, vəziyyət mütləq sabitləşəcəkdir. Onun fikrincə, Moskvada da, Tbilisidə də, ilk növbədə, ikitərəfli Gürcüstan-Rusiya münasibətləri ilə bağlı problemlərin tənzimlənməsinə nail olmağa qadir sağlam qüvvələr kifayət qədər çoxdur. O demişdir: “Burada Azərbaycanın mənafelərini də nəzərə almaq lazımdır. Azərbaycan bu gün Gürcüstanda təxminən yarım milyon soydaşımızın yaşaması ilə hesablaşmaya bilməz. Üstəlik, biz GUAM-ın üzvləriyik, mühüm ixrac boru kəmərlərimiz Gürcüstandan keçir. Əlbəttə, qonşularımızda baş verən hadisələr bizi narahat edir və narahatlığımızı gizlətmirik. Lakin bütün bunlar suveren Gürcüstanın seçimidir. Qonşu dövlət nə edirsə, bu, onun öz hüququ, öz seçimidir”.
Səfir xatırlatmışdır ki, GUAM təşkilatı üçüncü ölkələrə, xüsusən də MDB-yə qarşı yönəldilməyibdir, xüsusən də ona görə ki, GUAM-a daxil olan bütün ölkələr həm də MDB-nin üzvüdür. Diplomatın fikrincə, dünya sürətlə dəyişir və bu dəyişən dünyada hər bir dövlət, hər bir xalq sanki özünü yenidən kəşf edir, öz yerini axtarır. O demişdir: “GUAM-ın Birləşmiş Millətlər Təşkilatında təşəbbüslə çıxış etməsi Rusiyanın bəzi siyasətçilərinin çox da xoşuna gəlmir. Axı, burada nə var? BMT dünya birliyinin başlıca tribunasıdır. Bizim məqsədimiz uzun sürən münaqişələrin nəticələri barədə məlumatı BMT-nin üzvü olan bütün ölkələrə çatdırmaqdır. Əgər ATƏT neçə illərdir Qarabağ problemini həll edə bilmirsə, onda nə üçün bu problem BMT-də müzakirə olunmasın? Burada qəbahətli bir şey yoxdur. Zənnimizcə, bu problemləri dünya birliyi də bilməli və onların həllinə kömək etməlidir”.
P.Bülbüloğlu GUAM təşkilatının mahiyyətinə dərindən varmağa çağıraraq demişdir ki, zənnimcə, Rusiyada bəzi siyasətçilər bu problemləri anlamağa, daha yaxın olmağa, əməkdaşlıq etməyə çalışmaq əvəzinə, sanki GUAM-ın tanınmamasına təşəbbüs göstərirlər.
Azərbaycan səfiri həmçinin bildirmişdir ki, 15 ildən sonra həyatın özü göstərir ki, MDB səmərəliliyini itirir və buna görə də dövlət başçıları onda islahat aparılması modelini müzakirə edirlər. Amma bu proses çox ləng gedir. İstəsək də, istəməsək də, bu, faktdır.
Səfir Xəzər dənizinin statusu məsələsinə və bununla əlaqədar danışıqlar prosesinə toxunaraq vurğulamışdır ki, Azərbaycan qapalı su hövzəsi olan Xəzərin hərbiləşdirilməsinin əleyhinədir. O demişdir: “Düşünürəm ki, beş sahilyanı dövlət Xəzərdə tarazlıq, yəni hərbi qüvvələrin tarazlığını yaradan müəyyən bərabərlik barədə razılığa gəlməlidirlər”.
Polad Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərini ümumən “sabit yaxşı olan münasibətlər” kimi səciyyələndirmişdir. O, diqqəti uzun sürən Dağlıq Qarabağ münaqişəsinə də cəlb etmiş, habelə “Qara yanvar” faciəsini xatırladaraq demişdir ki, Azərbaycan xalqı azadlıq və müstəqilliyini böyük itkilər hesabına qazanmışdır.