AZƏRBAYCANIN PENİTENSİAR SİSTEMİ AVROPA STANDARTLARINA UYĞUNLAŞDIRILIR
Britaniya Şurasının (British Council) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Əndi Uilyams səfərin Azərbaycanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində Con Smit Təqaüd Proqramı çərçivəsində baş tutduğunu demişdir.
Penitensiar sistemə dair bir neçə kitabın müəllifi baronessa Vivyen Stern, ötən yay Con Smit Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyaya gələn Azərbaycan Ədliyyə Nazirliyi əməkdaşının dəvəti ilə Azərbaycana səfər etdiyini diqqətə çatdırmışdır. Məqsəd Azərbaycanın penitensiar sistemində aparılan islahatlarla tanış olmaqdır.
Bakıda olduğu müddətdə bir neçə cəzaçəkmə müəssisəsinə baş çəkdiyini bildirən xanım V.Stern bildirmişdir ki, Azərbaycanın penitensiar sistemi hazırda keçid dövrünü yaşayır. Sovet sistemindən miras qalmış çəzaçəkmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması sahəsində uğurla iş aparılır. Biz bu prosesin şahidi olduq.
Ölkələrimizin penitensiar sistemindəki oxşar və fərqli cəhətləri qeyd edən V.Stern bildirmişdir ki, onun ölkəsində məhkumların əfv edilməsi və ya amnistiya aktları olmur.
Con Smit Xatirə Fondunun direktor müavini xanım Coanna Ləmb Böyük Britaniyanın Məşvərət İşləri Departamenti, Con Smit Xatirə Fondu və Britaniya Şurasının birgə həyata keçirdiyi Con Smit Təqaüd Proqramı barədə məlumat vermişdir. Böyük Britaniyada beşhəftəlik kurs keçməklə demokratiya sahəsində biliklərin artırılmasına xidmət edən proqram çərçivəsində 2007-ci ildə 4 nəfər Azərbaycan vətəndaşı proqramda iştirak edəcəkdir. Artıq müraciətlərin qəbuluna başlanmışdır.