RƏSMİ XRONİKA
AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA
Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan müstəqil Azərbaycan Respublikasının bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına, o cümlədən vicdan azadlığına malikdirlər. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Cəmiyyətimizin mühüm hissəsi olan xristian icması da yaradılmış bu imkanlardan geniş şəkildə faydalanır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, onlar Azərbaycanın ictimai-siyasi və mədəni-mənəvi həyatında yaxından iştirak edir, respublikamızın tərəqqisi naminə fəal vətəndaş mövqeyi göstərirlər.
İsa peyğəmbərin mövludu günü kimi əlamətdar olan mübarək Milad bayramı yenilik, əmin-amanlıq, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2008-ci il.