AZƏRBAYCANIN QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI İLƏ ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Qonağı QİƏT-in baş katibi seçilməsi münasibətilə təbrik edən nazir, Azərbaycanın bu beynəlxalq qurumda etibarlı tərəfdaş olduğunu vurğulamışdır.
L.Xrizantopulos QİƏT haqqında ictimaiyyətdə məlumatların azlığının əsas problemlərdən biri olduğunu qeyd edərək, bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsinin zəruriliyini söyləmişdir. Baş katib, həmçinin təşkilatın rolunun artırılması, eləcə də Avropa İttifaqı (Aİ) ilə QİƏT arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri və keçirilən görüşləri diqqətə çatdırmışdır.
Nazir E.Məmmədyarov QİƏT-in nüfuzlu regional iqtisadi təşkilat kimi rolunun artacağına əmin olduğunu bildirərək, Azərbaycanın təşkilatın layihələrini dəstəklədiyini qeyd etmişdir.
Qurumun Aİ ilə tərəfdaşlıq qurmasını yüksək dəyərləndirən nazir, bunun QİƏT-ə üzv dövlətlərin Avratlantika strukturlarına inteqrasiyasında önəmli olduğunu qeyd etmişdir. O, QİƏT daxilində əməkdaşlığın regionda sabitlik üçün geniş perspektivlər açdığını və Azərbaycanın bu təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirmişdir.
Ermənistanın Azərbaycana silahlı təcavüzünün regionda sabitliyə əsas əngəl törətdiyini vurğulayan E.Məmmədyarov, dövlətimizin münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çalışdığını xüsusi qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.