Azərbaycanın turizm potensialı beynəlxalq sərgilərdə nümayiş olunacaq
Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 28-dən 31-dək Türkiyənin İstanbul şəhərində beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Nazirliyin turizm şöbəsindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 77 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri təbliğ ediləcək. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün türk və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları sifariş edilib.
Nazirliyin turizm şöbəsinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin nümayəndələrinin də qatılacağı sərgidə müxtəlif ölkələrdən turizm sahəsində tanınmış şirkətlər təmsil olunacaq.
Qeyd edək ki, ümumilikdə, ölkəmizin turizm imkanlarının bu il 18 beynəlxalq sərgidə nümayişi nəzərdə tutulur. Ötən il isə16 beynəlxalq turizm sərgisində ölkəmizin milli stendi qurulub.