AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ ÖLKƏMİZDƏ SƏFƏRDƏ OLAN İRANLI HƏMKARI İLƏ GÖRÜŞMÜŞDÜR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir E.Məmmədyarov iranlı həmkarının Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, İranda zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı vermiş və ehtiyac duyulduğu zaman ölkəmizin humanitar yardım göstərməyə hazır olduğunu söyləmişdir.
Qonaq ölkəmizin İran xalqına çətin məqamlarda həmişə yardım göstərdiyini yüksək qiymətləndirmişdir.
Nazir E.Məmmədyarov demişdir ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, mühüm sazişlər imzalanmışdır. Nazir blokadada olan Naxçıvan Muxtar Respublikasına təbii qazın İran ərazisindən ötürülməsinə dair əldə edilmiş razılığı yüksək qiymətləndirmişdir.
Noyabrın 6-da Milli Məclisə keçirilmiş seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edən qonaq, iranlı müşahidəçilərin bu seçkilərin nəticələrindən razı qaldığını bildirmişdir. Diplomat qeyd etmişdir ki, İran ölkələrimizin parlamentlərarası münasibətlərinə xüsusi əhəmiyyət verir.
Milli Məclisə noyabrın 6-da keçirilmiş seçkilərin bundan əvvəlki seçkilərlə müqayisədə irəliyə doğru mühüm addım olduğunu diqqətə çatdıran nazir E.Məmmədyarov, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün parlamentlərarası dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin zəruriliyini vurğulamışdır.
Ölkələrimiz arasında mövcud münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini söyləyən iranlı qonaq qeyd etmişdir ki, respublikalarımızın mehriban qonşuluq münasibətləri heç bir üçüncü dövlətə qarşı yönəlməmişdir.
Respublikalarımızın münasibətlərinin inkişafında kütləvi iniformasiya vasitələrinin yaxından iştirakının da mühüm rolunu nəzərə çatdıran iranlı diplomat, bu məsələdə də əməkdaşlığın əhəmiyyətinə toxunmuşdur.
Həmkarının fikirləri ilə razılaşan nazir E.Məmmədyarov, bu il bir neçə iranlı KİV nümayəndəsinin ölkəmizdə akkreditə olunduğunu diqqətə çatdırmışdır.
Sonra iranlı qonaq Xəzər dənizinin statusu və təhlükəsizliyi məsələlərinə toxunaraq, onu sülh və dostluq dənizi adlandırmış, bu sahədə əldə edilən razılaşmaların müştərək xarakter daşımasının zəruriliyini vurğulamışdır.
Ölkələrimizin əlaqələri ilə bağlı müzakirələr zamanı nazir E.Məmmədyarov bu münasibətlərin tarixinə toxunmuş, xalqlarımızın mədəni, dini və sair eyniyyətlərini diqqətə çatdırmış, mədəniyyət günlərinin, o cümlədən müxtəlif sərgilərin, konsertlərin təşkilinin əhimyyətindən danışmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi zamanı qonaq, İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləmişdir.
İqtisadi sahədə aparılmış fikir mübadilələri zamanı bir sıra mühüm əhəmiyyətli nəqliyyat və ticarət layihələri, Naxçıvan əhalisi ilə İran əhalisi arasında gediş-gəliş qaydalarının sadələşdirilməsi və səmərəliliyi məsələləri geniş müzakirə olunmuşdur.
Tərəflər hökumətlərarası müştərək komissiyanın işinin sürətləndirilməsi barədə razılığa gəlmişlər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
Tərəflər Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşlarının və İran İslam Respublikası vətəndaşlarının gediş-gəlişi qaydalarının sadələşdirilməsi haqqında Memorandum imzalamışlar.