Azərbaycanın Xəzərsahili regionlarının siyasi-coğrafi problemləri araşdırılıb
Bakı, 9 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda “Azərbaycanın Xəzərsahili regionlarının siyasi-coğrafi problemləri” mövzusunda tədqiqat aparılıb.
Coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev AZƏRTAC-a açıqlamasında bildirib ki, tədqiqatın əsas məqsədi Xəzərsahili bölgələrin Azərbaycanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat-logistika sistemindəki strateji rolunu araşdırmaqdan ibarət olub.
Qeyd edilib ki, tədqiqat çərçivəsində əvvəlcə Xəzərsahili inzibati ərazilər - Bakı, Sumqayıt, Siyəzən, Şabran, Xaçmaz, Neftçala, Salyan, Lənkəran və Astara rayonları nəzərdən keçirilib. Bu ərazilərin ölkənin sənaye, neft-qaz, nəqliyyat və turizm potensialında oynadığı rol vurğulanıb.
Araşdırmada hər bir region və inzibati rayonun ayrıca qarşılaşdığı problemlərə də toxunulub. Belə ki, Bakı-Abşeron zonasında yüksək urbanizasiya və ekoloji təzyiq, Sumqayıtda köhnəlmiş sənaye infrastrukturu, şimal rayonlarında sərhəd təhlükəsizliyi və qaçaqmalçılıq, Neftçala-Salyan ərazilərində dəniz səviyyəsinin dəyişməsi və torpaq şoranlaşması, Lənkəran-Astarada isə iqlim riskləri və işsizlik məsələləri müzakirə edilib.
Bundan əlavə, Xəzər dənizinin hüquqi statusu, Aktau Konvensiyasının əhəmiyyəti və hələ də həllini gözləyən delimitasiya məsələləri barədə məlumat verilib.
Enerji geosiyasəti çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi strateji ixrac marşrutlarının təhlükəsizlik riskləri, Xəzərdə artan hərbiləşmə və Azərbaycanın sahil mühafizəsi sahəsində həyata keçirdiyi tədbirlər də şərh olunub.
Araşdırmada Orta Dəhlizin və Bakı Limanının tranzit potensialı, eləcə də regionlararası disbalansın yaratdığı demoqrafik təzyiq məsələlərinə diqqət yetirilib.
Sonda Xəzəryanı dövlətlərin - Rusiya, Qazaxıstan, Türkmənistan və İranın maraqları müqayisə olunaraq, Azərbaycanın bu rəqabət mühitində tutduğu mövqe və gələcək dayanıqlı inkişaf üçün təklif olunan strateji istiqamətlər - ekologiya, enerji, logistika və sosial siyasət sahələrində həyata keçiriləcək tədbirlər barədə məlumat verilib.