SİYASƏT
Azərbaycanla Özbəkistan arasında münasibətlər möhkəm dostluq üzərində qurulub
![Azərbaycanla Özbəkistan arasında münasibətlər möhkəm dostluq üzərində qurulub](/files/2022/3/1200x630/16682421022816953950_1200x630.jpg)
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və möhkəm dostluq üzərində qurulub. Prezident İlham Əliyev cari ildə üçüncü dəfədir ki, Özbəkistana səfər edir. İyun aynda baş tutmuş dövlət səfəri zamanı ölkələrimiz arası əməkdaşlığın genişləndirilməsinə dair 19 sənəd imzalanıb. Bu sənədlərdə ölkələrimiz arası 500 milyon dollar investisiyaların yatırılması ehtiva edilir. O cümlədən dövlət başçılarımızın təşəbbüsü ilə yaradılmış hökumətlərarası komissiya ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin artırılmasına və iqtisadi əməkdaşlıq imkanlarının daha da geniş şəkildə istifadə olunmasına yol açır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
O əlavə edib ki, Özbəkistan Respublikası hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, Vətən müharibəsi zamanı yanımızda olub. Həmçinin torpaqlarımızın işğaldan azad olunmasına sevinən qardaş ölkədir. Özbəkistanın Zəfər Günümüzü geniş şəkildə qeyd etməsi və bizim sevincimizə şərik olduğunun nümayişi əsil dostluq və qardaşlığın göstəricisidir. Özbəkistan yeganə xarici ölkədir ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti layihəsi ilə bağlı yardım göstərir. Belə ki, Özbəkistan Respublikasının maliyyə dəstəyi ilə Füzulidə tikilən orta məktəb binası xalqlarımız arasındakı dostluğun simvoluna çevriləcək. Bu ölkənin belə bir ilkə imza atması təbii ki, ölkələrimiz arası münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.
Təbii ki, iki ölkə arasında mədəni-humanitar əlaqələr də genişlənir. Ümumiyyətlə, deyə bilərəm ki, Özbəkistanla əlaqələrimiz tariximizin ən yüksək dövrünü yaşayır.
“Prezident İlham Əliyev Səmərqəndə səfəri çərçivəsində noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin IX Samitində iştirak edib. Türk Dövlətləri Əməkdaşlıq Şurasının ilk Zirvə toplantısı Naxçıvanda baş tutub. Bu birlik təşkilata çevriləndən sonra isə ilk Zirvə toplantısının Səmərqənddə keçirilməsinin arasında da bir bağlılıq var. TDT bu gün yeni dünya düzənində yaranmış çağırışlar fonunda daha da güclənir. TDT-yə daxil ölkələr arasında ticarət dövriyyəsi 2016-cı ildə 13,9 milyard dollar idisə, 2021-ci ildə artaraq 25,9 milyard dollara çatıb.
TDT-nin ən yüksək səviyyəli platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edib, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Toplantının müzakirə mövzularından biri də Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı olub. Çünki, bu dəhliz nəinki Naxçıvanla quru əlaqəmizi yaradacaq, həm də Türk Dövlətləri Təşkilatı ölkələri arasında birbaşa bağlantının yaranmasına yol açacaq. Bundan əlavə, Zəngəzur dəhlizin açılması TDT-yə daxil ölkələr arasında daşınmaların həyata keçirilməsinə yeni bir yanaşmanın ortaya qoyulmasına imkan verəcək”, - deyə A.Badamov vurğulayıb.
O əlavə edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Səmərqəndə səfəri Özbəkistanla əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək. Həm də keçirilən TDT liderlərinin IX Zirvə Görüşü bu təşkilata üzv ölkələrin iqtisadi və siyasi əməkdaşlığının müasir çağırışlara uyğun inkişafına yeni imkanlar açacaq.