Azərbaycanla Qaraqalpaqıstan arasında qarşılıqlı əlaqələrlə bağlı mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nukusda səfərdə olan Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qaraqalpaqıstan Nazirlər Kabinetinin sədri Kahraman Sariyevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrlə bağlı mövcud vəziyyət, mədəni əməkdaşlıq, gələcək planlar barədə fikir mübadiləsi aparılıb.
Kahraman Sariyev Qaraqalpaqıstan Respublikasının tarixi, mədəniyyəti, Azərbaycanla tarixi bağlar haqqında danışıb, Özbəkistan və Azərbaycan prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyev arasında olan dostluq əlaqələri, dövlət başçılarının görüşləri barədə məlumat verib. O, Qaraqalpaqıstanda ilk dəfə Azərbaycan mədəniyyət və ədəbiyyat günlərinin keçirilməsini yüksək qiymətləndirib.
Qənirə Paşayeva ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq, dövlət başçıları arasında səmimi görüşlər barədə fikirlərini bölüşərək, mədəniyyət günlərinin keçiriliməsinin əsas məqsədinin əlaqələrin daha da genişlənməsi, milli mədəniyyətimizin tanıdılması olduğunu bildirib. O, mədəniyyət günləri çərçivəsində maraqlı görüşlərin keçirildiyini, Qaraqalpaqıstanla əməkdaşlığın genişlənləndirilməsinin xüsusi əhəmiyyətini qeyd edib: “Türk dünyasında həmrəyliyin daha da genişləndirilməsi, mədəniyyətlə yanaşı təhsil, media, iqtisadi əlaqələrin gücləndirilməsi hər birimiz üçün vacibdir. Biz də öz növbəmizdə qardaş ölkələrimizin regionları arasında, o cümlədən Qaraqalpaqıstanla əməkdaşlığın yaradılması üçün səylərimizi birləşdirməliyik. Ümidvaram, işbirliyimizi genişləndirmək məqsədilə Azərbaycanın ali təhsil ocaqları ilə Qaraqalpaqıstan ali təhsil ocaqları arasında əlaqələrin yaradılması, o cümlədən müəllim və tələbə mübadiləsi, mədəniyyət, incəsənət ustalarının qarşılıqlı səfərlərinin təşkili, turizm sahəsində sıx əməkdaşlığın qurulması, QHT və KİV arasında əməkdaşlıq barədə planlar təqdirəlayiqdir. Bizlər bütün əməli fəaliyyət sahələri üzrə işbirliyini gücləndirməliyik, bunun üçün yaxşı imkan da var, istək də, ehtiyac da...
Məsələn, daha praktik təkliflə çıxış etsək, rəhbəri olduğum “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB vasitəsilə Qaraqalpaq ədəbiyyatı antologiyası və folklorunun Azərbaycan dilində nəşrini öz üzərimizə götürdüyümüzü bildirmək istərdim. Qeyd etmək istərdim ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universiteti ilə Nukus Dövlət Pedaqoji Universiteti arasında əlaqələrin yaradılmasına, mədəniyyətlə bağlı müxtəlif tədbirlərin keçirilməsinə, Qaraqalpaqıstan şairlərini Azərbaycana dəvət edərək ədəbiyyat günlərinin təşkilinə dəstək olmağa çalışacağıq.
İcazə verin, yüksək qonaqpərvərliyə, Azərbaycanla əlaqələrə verdiyiniz önəmə görə sizə, sizin şəxsinizdə bütün Qaraqalpaqıstan rəhbərliyinə və xalqına təşəkkürlərimizi yetirim”.
Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyimizin I katibi Samir Abbasov və tanınmış özbək alim, tarixçi Şuxrat Salamov iştirak edib.