AZƏRBAYCANLI TƏLƏBƏLƏR VƏ ELMİ İŞÇİLƏR BİRLİYİNİN VÜRZBURQ UNİVERSİTETİNDƏ KONFRANS KEÇİRİLMİŞDİR
Berlin 5 may (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (ATEİB) Azərbaycan səfirliyinin və Baku MMC-nin maliyyə dəstəyi ilə Vürzburq Universitetində “Dünya birliyində Azərbaycan: siyasət, iqtisadiyyat və hüquq” mövzusunda növbəti elmi konfrans təşkil etmişdir.
Tədbirin əsas məqsədi Azərbaycanla bağlı siyasət, hüquq, iqtisadiyyat sahəsindəki elmi yenilikləri və məlumatları alman ictimaiyyətinə çatdırmaq, Almaniyada təhsil almış və alan tələbələrin elmi potensialını üzə çıxarmaq, onları hər iki ölkənin ictimaiyyətinə tanıtmaq idi.
Konfrans iştirakçıları Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Açılış mərasimində Vürzburq Universiteti hüquq fakultəsinin professoru Erik Hilqendorf, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Ramil Fərzəliyev və ATEİB sədri Samir Abbasov çıxış etmiş, iştirakçıları salamlamışlar. R.Fərzəliyev Azərbaycan dövlətinin xaricdə təhsil alan tələbə və doktorantlara xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.
Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Bu iclaslarda “Qarabağ problemi və həlli yolları”, “Azərbaycanda insan hüquqları”, “Avropa İttifaqının Şərq tərəfdaşlığı”, “Azərbaycanda özəl müəssisələrin dövlət tərəfindən subsidiyalaşdırılmasında hüquqi problemlər”, “Maliyyə böhranı və onun Azərbaycana təsiri”, “Avropa iqtisadi məkanına inteqrasiya və Azərbaycan üçün yeni iqtisadi perspektivlər”, “Azərbaycanda təbii ehtiyatlardan əldə olunan gəlirlərin sosial siyasət nöqteyi-nəzərindən istifadə olunması”, “Hüquqi dövlət və demokratiyanın əlaqəsi haqqında” mövzularında məruzələr dinlənilmişdir.
Çıxış edənlər belə konfransların keçirilməsinin ənənəvi hal almasının vacibliyini vurğulamışlar.
Xatırladaq ki, ATEİB bu ilin yanvarın 12-də Frayberq şəhərində rəsmi qeydiyyatdan keçmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin