“Azərikimya” və Almaniyanın GİCON şirkəti ikiillik birgə fəaliyyətə yekun vurmuşlar
Sumqayıt, 7 iyul ( AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (İB) baş ofisində bu qurum ilə Almaniyanın GİCON şirkəti arasında imzalanmış “Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi” adlı saziş çərçivəsində təqdimat keçirilmişdir.
Tədbir iki il ərzində görülmüş işləri əhatə edən hesabat xarakteri daşımışdır.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, keçən ilin sentyabr ayında PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində “Azərikimya” İB-nin bu məsələdə tərəfdaşı GİCON şirkəti 20 ildən artıqdır ki, xüsusi tullantıların zərərsizləşdirilməsi, çirklənmiş torpaqların təmizlənməsi üçün rəylərin hazırlanması, torpağın, qrunt sularının və havanın çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, həmçinin layihələrin planlaşdırılması və nəticələrin yoxlanması üzrə geniş və səmərəli fəaliyyət göstərir.
GİCON şirkətinin tullantılar və çirklənmiş ərazilərin təmizlənməsinin idarə olunması şöbəsinin müdiri Matias du Puits, ARDNŞ-in Ekologiya İdarəsinin rəisi Azər Əliyev, çirklənmiş ərazilərin təmizlənməsi üzrə ekspert Hartmut Junqe, mütəxəssis Jana Ziemer, layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova, “Azəri Fugro” şirkəti mütəxəssislərinin və “Azərikimya” İB-nin nümayəndələrinin iştirak etdikləri təqdimatda çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi və torpaqların geofiziki tədqiqatı istiqamətində bir il ərzində hazırlanmış tədbirlər planı əsasında görülmüş işlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, GİCON şirkətinin mütəxəssisləri tərəfindən ilkin müşahidə üçün pilot layihə üzrə 2 ayrı-ayrı sahə seçilmiş və tədqiqatların nəticəsi olaraq həmin ərazilərdə torpaqların çirklənmə ehtimalı araşdırılmışdır.
Tərəflər İctimai Özəl Əməkdaşlıq layihəsi çərçivəsində görülən işlərlə əlaqədar müzakirə və təhlillərin mütəmadi olaraq davam etdirilməsini məqsədəuyğun saymışlar.