“AZƏRREYL” GƏLƏN İL DƏ ÇEMPİONLAR LİQASINDA OYNAYACAQDIR
Yanvarın 21-də Bakı İdman Sarayında “Azərreyl” komandası qadınlar arasında voleybol üzrə Avropa çempionlar liqasının sonuncu turunda Türkiyənin “Eczaçıbaşı” komandası ilə görüşmüşdür. Məlum olduğu kimi, bu komandaların Türkiyədə keçirilmiş birinci görüşü 3:1 hesabı ilə komandamızın xeyrinə başa çatmışdı.
İdman sarayı dəfələrlə məharətli oyun nümayiş etdirmiş komandamızın azarkeşləri ilə dolu idi. Voleybolçularımız meydançaya həmişəki heyətdə çıxmışdılar. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” böyük əzmkarlıq nümayiş etdirərək 3:0 hesabı ilə qalib gəldi. Komandamızın bu qələbəsi onun gələn ildə də çempionlar liqasında iştirakını təmin etmişdir.
Görüşü izləyən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev oyunçuları və məşqçi Faiq Qarayevi qələbə münasibətilə təbrik etdi.
Sonra MOK-un prezidenti Azərbaycan televiziyasına qısa müsahibə verdi:
X X X
JURNALİST: Təbrik edirik, gözəl qələbədir. Yəqin ki, bu qələbə qızlarımızın gələcək olimpiya oyunlarının seçmə yarışlarında və digər yarışlardakı çıxışlarına böyük təkan verəcəkdir.
İLHAM ƏLİYEV: Əlbəttə, verəcəkdir. Bu, böyük qələbədir. Azərbaycanın idman tarixində görünməmiş bir qələbədir. Azərbaycan voleybolçuları çox gərgin mübarizədə gözəl oyun nümayiş etdirərək, ən güclü qrupda layiqli oyun göstərdilər. Ondan əvvəl Avropanın “Top komanda” kubokunun qazanılması, indiki yarışda final mərhələsinə çıxmasalar da, çox gözəl oyun nümayiş etdirmələri bizim hamımızı sevindirir. Bu o deməkdir ki, Azərbaycanda voleybol çox yüksək səviyyədədir. Qısa müddət ərzində gözəl komanda təşkil edilib, onu peşəkar məşqçi Faiq Qarayev yaradıbdır. Mən hesab edirəm, biz hamımız, bütün idman həvəskarları Faiqə minnətdar olmalıyıq ki, qısa müddət ərzində dünya səviyyəli komanda yaradıbdır. Gələcəkdə çoxlu oyunlar, yarışlar, qələbələr olacaq. Mən əminəm ki, bizim yığma komandamız bundan sonra da çox yüksək oyun nümayiş etdirərək, idman həvəskarlarını uzun müddət sevindirəcəkdir. Hamınızı təbrik edirəm, Faiqi təbrik edirəm, qızları təbrik edirəm və yeni-yeni uğurlar arzulayıram.
Foto: Oqtay Aydınoğlunun və
İlqar Cəfərovundur