AZƏRTAC-ın müxbiri Misir mətbuatında Zəfər Gününə həsr olunmuş məqalə ilə çıxış edib
Qahirə, 7 noyabr, AZƏRTAC
Misirin “Əl Diplomasi” nəşrində AZƏRTAC-ın Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə xüsusi müxbiri Oqtay Bayramovun Zəfər Gününə həsr olunmuş məqaləsi yayımlanıb.
Ərəb və ingilis dillərində yayımlanan məqalədə 44 günlük Vətən müharibəsi haqqında müfəssəl məlumat yer alıb. Müəllif qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar zamanı 300-dən çox yaşayış məntəqəsi, o cümlədən şəhər, qəsəbə və kəndlər 30 ilə yaxın davam edən işğaldan qurtulub. Bölgənin ən mühüm strateji mövqeyə malik olan qədim Şuşa şəhərinin düşmən tapdağından xilas edilməsi istiqamətində döyüşlər isə dünya hərb tarixinə qızıl hərflərlə yazılıb. Məhz bu möhtəşəm hərbi əməliyyatdan sonra Ermənistan silahlı qüvvələri kapitulyasiya etməyə məcbur olub.
Məqalədə diqqətə çatdırılıb ki, Şuşanın azad olunduğu noyabrın 8-i tarixi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü elan edilib. “Bu əlamətdar gündə Azərbaycan xalqı böyük qürur hissi ilə öz ərazilərinin düşməndən azad edilməsini bayram edir. Azərbaycanlılar son bir əsrdə müsəlman Şərqində torpaqlarını öz gücü ilə işğaldan qurtaran yeganə xalq kimi tarixə düşüblər. Bu şanlı Qələbə müdrik siyasətçi və mahir sərkərdə olan Prezident İlham Əliyevin liderliyi sayəsində qazanılıb”, - deyə məqalədə vurğulanır.