AzərTAc-ın xüsusi müxbiri 20 Yanvar faciəsi ilə bağlı Fransa radiosuna müsahibə vermişdir
Strasburq, 21 yanvar (AZƏRTAC). Strasburqda ayda bir dəfə fransız dilində efirə çıxan və Azərbaycana həsr olunan radio proqramının yanvarın 20-də efirə gedən növbəti verilişində AZƏRTAC-ın xüsusi müxbirinin müsahibəsi verilmişdir.
Qanlı Yanvar hadisələrinin canlı şahidi olmuş xüsusi müxbir yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsini boğmaq üçün keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun əmri ilə Bakıya silahlı qoşun yeridilməsi, sovet əsgərlərinin günahsız insanlara qarşı törətdikləri misli görünməmiş vəhşiliklər, nəticədə 147 nəfərin qətlə yetirilməsi, 800-dən artıq insanın yaralanması, kütləvi həbslərin aparılması barədə fransız dinləyicilərinə məlumat vermişdir.
Müsahibədə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlik zirvəsinə ucalan insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidə ucaldılması barədə də danışılmışdır.
AZƏRTAC-ın xüsusi müxbiri, həmçinin bildirmişdir ki, hər il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti başda olmaqla minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla anırlar. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də Azərbaycanda baş vermiş hadisələr Fransa da daxil olmaqla, dünyanın bir çox ölkələrinin kütləvi informasiya vasitələrində işıqlandırılır. Fransada yaşayan həmyerlimiz, tanınmış yazıçı Ümbülbanu Əsədullayevanın da nüfuzlu “Le Monde” qəzetində Qanlı Yanvar faciəsi ilə bağlı məqaləsi dərc edilmişdir.
ABŞ-da, İsveçdə, Niderlandda və Azərbaycanda yaşayan soydaşlarımızla telefon bağlantısı yaradılaraq onların 20 Yanvarla bağlı fikirləri verilişdə səsləndirilmişdir.
Verilişdə Azərbaycan peykinin orbitə çıxarılması, Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı danışıqların aparılması və digər xəbərlər də yer almışdır.
Həzin Azərbaycan musiqiləri ilə müşayiət olunan verilişi bir həftə ərzində www.radiorbs.com saytı vasitəsilə dinləmək mümkündür.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq