AzMİU-da iqlim dəyişikliyi ilə bağlı maarifləndirici seminar keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) iqlim dəyişikliyi ilə bağlı maarifləndirici seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda gündəmdə duran mövzu ilə bağlı çağırışlar və imkanlar nəzərdən keçirilib, iqlim dəyişikliyinə dair qlobal siyasətin formalaşmasında Azərbaycanın bu il ev sahibliyi edəcəyi beynəlxalq konfransın rolu vurğulanıb.
Prorektor Nigar Aslanova söyləyib ki, seminar universitetdə COP29-la bağlı keçirilən silsilə tədbirlərdən biridir. Burada təqdim olunan məruzələr iqlim dəyişikliyi istiqamətində gəncləri maarifləndirməklə yanaşı, onları dünyanın diqqət mərkəzində olan problemə qarşı birgə fəaliyyət göstərməyə yönəldəcək.
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının professoru İslam Mustafayev isə iqlim dəyişikliyi ilə mübarizədə fərdlərin və qurumların üzərinə düşən məsuliyyətlərdən danışıb.
COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova bildirib ki, COP29 konfransından əvvəl Bakıda baş tutacaq COY19-a (Gənclər Konfransı) dünyanın müxtəlif ölkələrindən 400-dən çox gənc cəlb edəcək və onlar iqlim dəyişiklikləri ilə bağlı vahid səs formalaşdıracaqlar.
Seminarda geniş məruzə ilə çıxış edən BMTİP-nin ətraf mühit layihələrinin sabiq rəhbəri, hazırda “Balakhani Operating Company” və “Surakhani Oil” şirkətlərinin müşaviri Çingiz Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədləri və bu Konvensiyaya qoşulmuş dövlətlərin öhdəliklərini izah edib. Xüsusilə Azərbaycanın hədəfləri üzərində dayanan ekspert neft hasilatı ilə məşğul olan əməliyyat şirkətlərinin istixana qazlarının azaldılmasına yönəlmiş səmərəli tədbirləri, o cümlədən torpaqların yaşıllaşdırılması, tullantılardan təmizlənməsi, rekultivasiyası, çirklənmiş gölməçələrin qurudulması və lay suların zərərsizləşdirilməsinin verdiyi müsbət töhfələrdən danışıb.
AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov isə “Müasir binalarda enerji resursları” mövzusunda çıxış edərək müasir tikililərdə enerjinin səmərəli idarə edilməsinin iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olduğunu vurğulayıb. O qeyd edib ki, Bakıda enerji idarəetmə qaydalarına tam uyğun binalar tikilsə, şəhərin enerji təchizatı sistemi daha az yüklənər. Professor əlavə edib ki, enerji səmərəliliyi yalnız inşaatçılar, kommunikasiya mühəndisləri deyil, şəhərsalma mütəxəssisləri, memarlar qarşısında da ciddi tələblər qoyur.
Açıq və interaktiv müzakirə formatında keçirilən seminarda AzMİU tələbələri və müəllim heyəti iqlim dəyişikliyi mövzusunda elm və sənaye dairələrinin nümayəndələrinə praktiki suallarını ünvanlayıb, mövzu ilə bağlı ətraflı cavablar alıblar.