BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 210 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4930 manat olmuşdur. Təklif 140 min dollar və tələb 210 min dollar olmuş, manatin məzənnəsi 3 bənd düşərək, 1 dollar üçün 4933 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4933 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 4 milyon 928 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 24,310 milyarddır. Bir əqdə, orta hesabla, 704 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də 1 RUR üçün 173,49 manat məzənnə ilə RUR/AZM TOM aləti üzrə üst-üstə 1 milyon 752 min rubl məbləğində əqd bağlanmışdır.
Banklar BEST-də AVR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,073 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 26-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.