Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Vətən qaziləri ilə onlayn görüş
Bakı, 17 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatı tərəfindən Vətən müharibəsi qaziləri ilə onlayn görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova tədbirin əhəmiyyətindən və qazilərimizin igidliyindən danışıb. O, şanlı ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Vətən müharibəsinin qaziləri Hikmət Məmmədov və Müzəffər Bahadırov xatirələrini bölüşüb, bundan sonra da Vətənin müdafiəsi üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.
Sonra Biologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Musa Cabbarov, müəllimlər Sevinc Məmmədova, Sevinc Hümbətova, Məhnurə Rəhimova gənc nəslin vətənpərvər ruhda böyüməsində bu kimi tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
Çıxışlarda Vətən müharibəsində BDU-nun tələbə və məzunlarının şücaət göstərdiyi, onlardan şəhidlik zirvəsinə ucalanlar olduğu da qeyd edilib.
Sonda tələbələrin hərbi-vətənpərvərlik mövzusunda çıxışları dinlənilib.