Bakı limanı bu il 5 milyon tondan artıq yükdaşıma həyata keçirməyi planlaşdırır
Bakı, 18 yanvar, Elvin Camalov, AZƏRTAC
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2016-cı ildə 5 milyon tondan artıq yükdaşıma həyata keçirməyi planlaşdırır.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə 2015-ci ildə dünyada baş verən iqtisadi böhrana baxmayaraq Bakı Limanının Ro-Ro terminalında artım olub. Həmçinin Türkmənistanın Türkmənbaşı və Qazaxıstanın Aktau limanlarına gedən yükaşırmalar artıb, konteyner daşınmasında da artım müşahidə olunur.
T.Ziyadov bildirib ki, yeganə azalma quru yük terminalındadır. Buna səbəb isə tikinti materiallarının idxalının azalmasıdır.
Bakı Limanının baş direktoru 2016-cı ildə quru yük terminalında artımın olacağına inanır: “Son zamanlar Azərbaycanın logistika tarixində baş verən mühüm hadisələr, bir neçə ölkənin bir araya gələrək bu sahədə imzaladığı müqavilələr onu göstərir ki, Azərbaycan logistika sahəsində böyük irəliləyişlərə nail olur. İmzalanan müqavilələr Bakı Limanını yükdaşıyıcılar üçün daha da cəlb edəcək”.
Bakı Limanının 2016-cı ildə 5 milyon tondan artıq yükdaşıma planlaşdırdığını deyən baş direktor Limanın Ələtə tam köçdükdən sonra bu rəqəmin 10 milyon tona çatacağını bildirib.