BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMAT
Özlərini Azərbaycançı Qüvvələr Birliyi adlandıran Sosial-Demokrat, Vəhdət və İslam partiyalarının təxminən 700 nəfərə yaxın üzvü və təəssübkeşi 2002-ci il yanvarın 12-də saat 12.00-dan 14.00-dək Yasamal rayonundakı “Qələbə” kinoteatrının qarşısında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmişlər.
Tədbir zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması hallarına yol verilməmişdir.
Elə həmin gün Azərbaycan Demokrat Partiyasının üzvü və təəssübkeşi olan 100 nəfərədək qadın Bakı Şəhər İcra Hakimiyyətinin onlara mitinq keçirmək üçün təklif etdiyi “Qələbə” kinoteatrının qarşısındakı meydandan imtina edərək, “Azad qadın” heykəlinin önündən Şıxəli Qurbanov küçəsi ilə Füzuli meydanına qədər icazəsiz yürüş-mitinq keçirməyə cəhd göstərmişdir.
Paytaxtın normal iş və həyat ahənginə mənfi təsir göstərən belə qanunsuz aksiyalardan zinhara gələn bir qrup vətəndaş ADP-çilərin növbəti yürüş təşkil etmək cəhdindən hiddətlənərək buna etirazlarını bildirmiş, qanunsuzluq və özbaşınalığa son qoyulmasını qətiyyətlə tələb etmişlər. Onlar ADP-cilərin “Azad qadın” heykəlinin qarşısına yaxınlaşmalarına mane olmağa çalışmışlar. Bu zaman tərəflər arasında insident yaranmışdır. Xidməti vəzifələrini yerinə yetirən yaxınlıqdakı asayişi mühafizə qüvvələri, o cümlədən qadın polis əməkdaşları qarşıdurmanın böyüməsinə imkan verməmişlər. Qanunsuz yürüş-mitinq cəhdi baş tutmamışdır.
İnsidentlə bağlı araşdırma aparılır.
Hər iki halda polis tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, asayişin mühafizəsi tam təmin olunmuşdur.