Bakıda 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” sərgisi açılacaqdır
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 21-dən 23-dək Bakı Ekspo Mərkəzində ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq “Xəzər: Ətraf mühit üçün texnologiyalar” (“CTE-2012”) sərgisi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, “CTE-2012” sərgisi Xəzəryanı və Qafqaz regionlarında ətraf mühitin qorunması və təbiətdən rasional istifadə sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə təqdim edən yeganə tədbirdir.
Bu il beynəlxalq sərgi Azərbaycanın və xarici ölkələrin “təmiz texnologiya”lar bazarını təmsil edən aparıcı simaları, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının nümayəndələrini bir araya gətirəcəkdir. Sərgi çərçivəsində alternativ enerji avadanlığının ən müasir nümunələri də nümayiş etdiriləcəkdir.
Sərgi iştirakçıları arasında neft sektorunun aparıcı şirkətləri də vardır. Onlar təbii resurslardan səmərəli istifadə sahəsində ən yeni ixtiraları, habelə karbohidrogenlərin hasilatı və emalı zamanı şəhər əhalisinin maksimal ekoloji təhlükəsizliyinin təmin olunması üzrə investisiya layihələrini təqdim edəcəklər.
“CTE-2012” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlərlə bağlı regional, beynəlxalq ictimai və dövlət təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaqdır.