Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarında 18 ölkədən idmançılar mübarizə aparacaq
Bakı, 13 fevral, AZƏRTAC
Martın ilk həftəsində Bakıda batut gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) dünya kuboku yarışları keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışlar martın 5-6-da əcnəbi gimnastların daimi təlim-məşq toplanışı məkanına çevrilmiş Milli Gimnastika Arenasında keçiriləcək.
Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur. Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda dünyanın müxtəlif ölkələri - Avropa ilə yanaşı, həmçinin uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanın sahillərindən Amerika Birləşmiş Ştatlarını təmsil edən idmançılar iştirak edəcək.
Ümumilikdə yarışlarda 18 ölkədən 78 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. Bunlardan 46-sı kişi, 32-si isə qadındır.
Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq Azərbaycan çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - ilk Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edəcəklər.
İlk günündə təsnifatı keçiriləcək yarışlar bir gün sonra finallarla yekunlaşacaq.
Yarışlar vaxtı izləyicilər də diqqətdən kənar qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.