BAKIDA QADINLAR ARSINDA 2-Cİ BEYNƏLXALQ ŞAHMAT TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Bakıdakı “ÜNS” teatrında qadınlar arasında 2-ci beynəlxalq şahmat turniri açılmışdır.
Dairəvi sistem üzrə keçirilən yarışda səkkiz ölkədən 10 güclü qadın şahmatçı iştirak edir. Azərbaycanı bu turnirdə tanınmış şahmatçılar İlahə Qədimova, Firuzə Vəlixanlı və Nərgiz Umudova təmsil edirlər.
Turnirə, həmçinin FİDE-nin reytinq cədvəlində 3-cü yeri tutan Pia Kramlinq (İsveç), Antoaneta Stefanova (Bolqarıstan, 12), Monika Soçko (Polşa, 13), Viktoriya Çmilite (Litva, 18), Leyla Cavaxişvili (Gürcüstan, 23), Yekaterina Laxno (Ukrayna, 30) və Sofi Milliyet (Fransa, 44) qatılmışlar.
Turnirin açılışı münasibətlə keçirilən mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov dünyanın nüfuzlu şahmatçılarına dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirmişdir.
Qədim Bakı şəhərinin dünyanın beynəlxalq yarışlar mərkəzinə çevrildiyini söyləyən nazir qeyd etmişdir ki, ölkəmizin Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi diqqət və qayğı şahmatçılarımızın əldə etdiyi uğurlu nəticələrin əsasını təşkil edir. Bugünkü beynəlxalq turnir də bunun bariz nümunəsidir.
Azad Rəhimov Azərbaycan şahmatçılarının bundan sonra da möhtəşəm qələbələr qazanacağına əmin olduğunu söyləmişdir.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirmişdir ki, son illər Prezident İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə olimpiya hərəkatı geniş vüsət almış, Azərbaycan dünyada idmana xüsusi diqqət verən, bu sahədə böyük uğurlar qazanan bir ölkə kimi tanınmış, mötəbər beynəlxalq turnirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilmişdir. Bakıda qadınlar arasında keçirilən 2-ci beynəlxalq şahmat turniri də bu gözəl ənənənin davamıdır.
Şahmat üzrə qitə və dünya çempionatlarının, bir sıra beynəlxalq miqyaslı turnirlərin Azərbaycanda keçirilməsinin beynəlxalq və qitə şahmat federasiyaları ilə yüksək səviyyədə əməkdaşlıq nəticəsində mümkün olduğunu deyən E.Rüstəmov diqqətə çatdırmışdır ki, ölkəmizin şahmat millisi bu gün toplam reytinqinə görə beynəlxalq miqyasda öncül mövqelərdən birini tutur və iki şahmatçımız hazırda dünyanın 10 güclü qrossmeysterləri sırasındadır.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fəxri prezidenti Florensio Kampomanes qadınlar arasında beynəlxalq turnirin Bakıda keçirilməsindən şərəf duyduğunu bildirmişdir. Qeyd etmişdir ki, Bakı turniri qadınlar arasında bundan sonra keçiriləcək yarışlar üçün geniş imkan yaradacaqdır.
Sonra şahmatçılar arasında püşkatma mərasimi olmuşdur.
Açılış mərasiminin sonunda “ÜNS” teatrının yaradıcı heyəti tədbir iştirakçıları qarşısında ədəbi-bədii proqramla çıxış etmişdir.