BAKIDA ÜMUMDÜNYA POEZİYA GÜNÜ QEYD OLUNMUŞDUR
Bu münasibətlə Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Səməd Vurğun Fodunun təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun adını daşıyan bağda, onun heykəli qarşısında tətənəli mərasim keçirilmişdir.
Tədbirin təşkilatçılarının nümayəndələri, əvvəlcə, Fəxri xiyabana gedərək, ölkəmizdə ədəbiyyat və incəsənət adamlarının böyük qayğıkeşi, ümummilli liderimiz Heydər Əliyevin və görkəmli xalq şairi Səməd Vurğunun məzarları önünə əklillər qoydular. Sonra onlar Azərbaycanın digər görkəmli poeziya nümayəndələrinin də məzarlarını ziyarət edərək, abidələri önünə tər çiçəklər düzdilər.
Ümumdünya Poeziya günündə Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdilər ki, bu gün üç bayram - poeziya günü, S.Vurğunun anadan olduğu gün və Novruz bayramı üst-üstə düşmüşdür. Natiqlər hər üç bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Çıxışlarda belə bir arzu ifadə olundu ki, növbəti poeziya bayramlarından biri Şuşada, Vaqifin məqbərəsi önündə də keçirilsin.
Tədbirdə xalq şairləri - Yazıçılar Birliyi ağsaqqallar şürasının sədri Qabil, şairlər Fikrət Qoca, Çingiz Əlioğlu, Şimali Kipr Türk Respublikasından Harid Fədai, türkiyəli şair Mayıl Tan və başqaları öz şerlərini oxudular.
Xalq artistləri Əminə Yusifqızı, Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, əməkdar artist Ağalar Bayramov Azərbaycan şairlərinin şerlərindən parçalar söylədilər.
Poeziya bayramında ölkəmizin ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, qardaş Türkiyə və Şimali Kipr Türk Respublikasından da nümayəndələr iştirak edirdilər.
Axırda Səməd Vurğunun oğlu, xalq şairi, Milli Məclisin deputatı Vaqif Səmədoğlu atasının doğum gününü qeyd etdiklərinə görə tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi.