BAKIDA “YENİ TƏHLÜKƏSİZLİK MÜHİTİNDƏ QADIN SİYASƏTÇİLƏRİN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Bakıda, “Park İNN-Azərbaycan” mehmanxanasında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni təhlükəsizlik mühitində qadın siyasətçilərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Görkəmli oftamoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Beynəlxalq konfransın işində 9 xarici ölkədən, o cümlədən Türkiyə, Gürcüstan, Norveç, Qazaxıstan, Özbəkistan, Latviyadan parlamentlərin deputatları, siyasi partiyaların təmsilçiləri, diplomatik korpusun nümayəndələri və beynəlxalq səviyyəli ekspertlər iştirak edirlər.
Milli Məclisin deputatı, YAP siyasi şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova konfransı açaraq qonaqları təqdim etmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur.
Sonra Məlahət Həsənova bildirmişdir ki, hazırda terrorizmlə mübarizədə, etnik və dini münaqişələrin həllində qadınların rolundan kifayət qədər istifadə edilmir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bir araya gələn 9 ökənin xanım siyasətçilərinin məqsədi də bu barədə fikirlərini bölüşmək, qadınların cəmiyyətdə rolunu artırmaq üçün təcrübə mübadiləsi aparmaqdır.
Milli Məclis sədrinin müavini, YAP idarə heyətinin üzvü Bahar Muradova çıxış edərək bildirmişdir ki, bugünkü beynəlxalq tədbir yalnız region üçün deyil, eyni zamanda bütün dünya üçün aktual olan bir mövzuya həsr edilmişdir. Bəşəriyyət son dövrlər böyük uğurlara imza atsa da, yerli və regional münaqişələr, beynəlxalq terrorizm və separatizm meyilləri insanlar üçün ciddi təhdid yaradır. Bu münaqişələrin qarşısının alınması üçün dövlətlər, xalqlar arasında qarşılıqlı anlaşma, davamlı əlbir fəaliyyət tələb olunur. Bununla yanaşı, təcrübə göstərir ki, bu problemlərin həllinə qadınların cəlb edilməsi daha yaxşı səmərə verir.
Müstəqil Azərbaycan dövlətinin qadın siyasətinin istiqamətləri haqqında məlumat verən B.Muradova, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin ardıcıl davam etdirdiyi siyasi xətt nəticəsində zərif cinsin nümayəndələrinin cəmiyyətdə rolunun artdığını bildirmişdir.
Konfransda iştirakdan məmnun olduğunu bildirən Türkiyənin Azərbaycandakı səfiri, NATO-nun ölkə üzrə əlaqələndiricisi Hulusi Kılıç demişdir ki, XXI yüzillikdə ölkələrarası işbirliyi ön plana çıxmışdır. Gürcüstanda baş vermiş son hadisələrə diqqət çəkən səfir qeyd etmişdir ki, bu olay bir bölgənin probleminin bütün dünyanın probleminə çevrildiyini sübut edir. Belə bir dövrdə Bakıda keçirilən beynəlxalq konfrans təsdiq edir ki, həm terrorla mücadilə, həm insan hüquqlarının müdafiəsi, həm də regional münaqişələrin həllində qadınların rolundan maksimum istifadə etmək lazımdır.
Sonra öz işini bölmə iclaslarında davam etdirən konfransda Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Norveç parlamentinin üzvü Marit Nybakk, Türkiyə Böyük Millət Məclisinin üzvü Əzizə Sibel Gönül, Qazaxıstan parlamentinin deputatı Baqila Baymaqambetova, Gürcüstan parlamentinin deputatı Çiora Taktakişvili, Azərbaycan Respublikasının Hesablama Palatasının auditoru Mehriban Əlişanova və başqaları çıxış edərək bildirmişlər ki, bu gün sülh mədəniyyətinin millətlər arasında vərdişə çevrilməsində, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda qadınların rolundan daha geniş istifadə olunmalıdır. Bu sahədə BMT-nin Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 nömrəli Qətnaməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanmışdır. Həmin sənəddə münaqişələrin həllində, sülh quruculuğu prosesində, böhran vəziyyətlərin aradan qaldırılmasında qadınların iştirakı və rolu xüsusi qeyd edilir.
Konfransın ilk günü “Qadınların siyasi qərarların qəbulunda və dövlət idarəetməsində rolu: dünya təcrübəsi”, “Gender bərabərliyi və davamlı inkişaf” və “Zorakılıq mədəniyyəti”ndən “Sülh mədəniyyəti”nə” adlı sessiyalarda çıxış edənlər mövzularla bağlı fikirlərini bildirmiş, təmsil etdikləri ölkələrin təcrübəsindən danışmışlar.
Konfransda dünya qadınlarına müraciət qəbul olunmuşdur.
Sentyabrın 12-də, konfransın ikinci günü iştirakçılar Milli Məclisdə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüşlər keçirəcək, Bakının görməli yerləri ilə tanış olacaqlar.
######
