Bakıdakı Rus evində “Mövsümün bağlanışı” adlı konsert olub
Bakı, 24 iyul, AZƏRTAC
Bakıdakı Rus evində “Mövsümün bağlanışı” adlı konsert olub. Tədbirin proqramına həm peşəkar, həm də həvəskar musiqiçilərin ifasında klassik musiqi əsərləri, caz kompozisiyaları, müasir estrada nümunələri, həmçinin xalq rəqsləri və mahnıları daxil edilib.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat mərkəzindən bildiriblər.
Tamaşaçılar, həmçinin musiqi sənətinin inkişafı tarixinin maraqlı faktları ilə tanış ola biliblər. Tədbirdə Əməkdar artist Anton Ferştandt, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistləri Leyla Kərimova və Renata Əbubəkirova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xor kapellasının artistləri Fərhad Ələkbərov və Əliyar Əliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xorunun solisti Ruslan Persan, Fatimə Nəzirlinin rəhbərliyi ilə Azərbaycan xalq rəqsləri “Xarıbülbül” vokal-xoreoqrafik ansamblının solistləri və başqaları iştirak ediblər.
Tədbirin təşkilatçısı və aparıcısı qismində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, fəlsəfə üzrə sənətşünaslıq doktoru Alyona İnyakina çıxış edib.