Bakıdakı Rus evində Müslüm Maqomayev haqqında mühazirə təşkil olunub
Bakı, 18 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfəyə həsr edilmiş mühazirə keçirilib. Tədbirin mühazirəçisi Azərbaycan tarixi üzrə mütəxəssis Tamilla Abbasova olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mühazirədə qonaqlar Müslüm Maqomayevin həyatı barədə xeyli maraqlı faktlar öyrəniblər. Ümummilli Lider Heydər Əliyev müğənninin istedadını çox dəyərləndirirdi. O, Müslüm Maqomayevi musiqi sənətinin canlı əfsanəsi və babasının qoyduğu ənənələrin davamçısı adlandırırdı. Məhz Heydər Əliyevin SSRİ-nin ovaxtkı rəhbəri Leonid Brejnevə müraciəti sayəsində M.Maqomayev 31 yaşında Sovet İttifaqının Xalq artisti adına layiq görülüb.
Azərbaycanın Rus Gəncləri Assosiasiyasının təşkilatçılığı və Rus evinin dəstəyi ilə həyata keçirilən “Bakı haqqında” layihəsi çərçivəsində Bakı şəhərinin tarixinə həsr olunan mühazirələr seriyası davam edir.