“Baku Guide” bələdçi kataloqunun iyun nömrəsi çapdan çıxmışdır
Bakı, 3 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan, nəfis tərtibatı, yüksək poliqrafik keyfiyyəti ilə seçilən “Baku Guide” bələdçi kataloqunun növbəti nömrəsi işıq üzü görmüşdür.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizə gələn turistlər, eləcə də səmərəli mədəni istirahətə üstünlük verən vətəndaşlarımız üçün zəngin informasiya mənbəyi olan nəşrin iyun nömrəsi bir çox maraqlı yeniliklərlə diqqəti cəlb edir.
Kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatr və konsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir.
Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları da yer almışdır.
Bələdçi kataloqunun bu nömrəsindən etibarən dünya kinosunun həvəskarları şəhərimizdə fəaliyyət göstərən kinoteatrların aylıq repertuarı ilə də tanış ola, həmçinin nümayiş edilən filmlər haqqında qısa məlumat əldə edə biləcəklər.
“Məşhur insanların Bakı təəssüratları” bölməsində Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin paytaxtımız haqqında və ölkəmizin turizm potensialı ilə bağlı fikirlərinə yer verilmişdir.
"Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan kataloq şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri - bir sözlə, turistləri və şəhərimizin qonaqlarını maraqlandıra biləcək ən müxtəlif məlumatlarla zəngindir.