İQTİSADİYYAT
“Baku Steel Company” zavodunda quraşdırılan modern texnologiya bir çox üstünlüklərə malikdir VİDEO
Bakı, 23 iyul (AZƏRTAC). “Baku Steel Company” zavodunda aparılan yenidənqurma işləri çərçivəsində quraşdırılan modern texnologiya bir çox üstünlüklərə malikdir.
“Baku Steel Company” MMC-nin müşahidə şurası sədrinin istehsalat üzrə müşaviri Ramin Kərimov AZƏRTAC-a bildirib ki, birinci sexdə Almaniyanın “Siemens VAİ” şirkətinin ən müasir standartlara cavab verən, tam avtomatlaşdırılmış qövslü elektrik sobası quraşdırılıb. Bu avadanlıq istənilən polad markasının kimyəvi tərkibi barədə məlumat almağa, eləcə də məhsulun tərkibinin avtomatik tənzimlənməsinə imkan yaradır. Sobanın əlavə oksigen odluqlar və karbon tərkibli material püskürən injektorlarla təchiz edilməsi nəticəsində isə 1 ton məhsul istehsalına sərf olunan elektrik enerjisinə təxminən 150-200 kilovat-saatadək qənaət edilir.
“Baku Steel Company”nin ekoloji məsələlərə də xüsusi diqqət yetirdiyini vurğulayan R.Kərimov məlumat verib ki, yenidənqurma çərçivəsində quraşdırılan müasir qaz-toz tutucu qurğuların gücü iki dəfə artırılıb. Bu da istehsal prosesi zamanı atmosferə zərərli maddələr atılmasının qarşısını maksimum dərəcədə almağa imkan verir.
Bundan başqa, təkrar qara metal emalı üçün İtaliyanın “Vezzani” şirkətindən press-qayçı qurğusu alınıb. Bu qurğunun üstünlüklərini də diqqətə çatdıran R.Kərimov deyib ki, indi tədarük olunan metal qırıntılarını kənar əşyalardan tamamilə təmizləmək mümkündür. Nəticədə sobaya maksimum təmiz məhsul ötürülür.