“BAKUMEBEL-2004” İKİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov və İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov çıxış edərək iştirakçıları salamlamış, sərginin işinə uğurlar arzulamışlar. Bildirilmişdir ki, Böyük Britaniyanın İTE Group Plc və onun Qafqazdakı eksklüziv tərəfdaşı İteca Caspian şirkətləri tərəfindən təşkil olunmuş bu tədbirdə dünyanın 9 ölkəsindən 29 şirkət təmsil olunmuşdur.
Sərgi yerli istehsalçıların üzə çıxmasına, bazarda sağlam rəqabətin aparılmasına, yerli və xarici şirkətlərlə işgüzar əlaqələrin qurulmasına və mövcud əməkdaşlığın genişlənməsinə imkan verəcək, gələcəkdə bir sıra perspektiv layihələrin yaradılmasına və əlverişli sazişlərin bağlanmasına şərait yaradacaqdır. Rəmzi qırmızı lent kəsildikdən sonra pavilyonlara baxış keçirilmişdir.
Sərgidə Azərbaycanla yanaşı, Avstriya, Rusiya, İtaliya, Türkiyə, Polşa və Almaniyanın tanınmış şirkətləri mənzil, ofis, mehmanxana, restoran, əyləncə mərkəzləri üçün mebel dəstləri, interyer, dizayn və mebel istehsalı üçün akssesuarlar və parça örtükləri nümayiş etdirilmişdir.
Azərbaycanın “İdeal dizayn”, “Rovşən Oğuz”, “Palitra”, “Elit mebel”, Türkiyənin “Yataş”, “Şahinlər makinə”, Avstriyanın “Blum”, Polşanın “Wior” şirkətlərinin guşələri iştirakcıların diqqətini daha çox cəlb etmişdir.
Sərgi çərçivəsində seminar və konfransların keçirilməsi də planlaşdırılmışdır.
Dövlət Tikinti və Arxitektura Komitəsi, Ticarət və Sənaye Palatası, Sərmayələrin Təşviqi və Məsləhət Fondu tərəfindən rəsmi dəstək almış sərgi 4 gün davam edəcək.