BALAKƏNDƏ HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ KAMPANİYASI UĞURLA KEÇMİŞDİR
Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, Balakəndə 2004-cü ilin ilk çağırış kampaniyası uğurla keçmişdir. Rayon Hərbi Komissarlığından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əvvəlki çağırışlarda olduğu kimi, balakənlilər dövlət əhəmiyyətli bu kampaniyanı yenə də respublikada birincilər sırasında və yüksək göstəricilərlə başa çatdırmışlar. Yolasalma mərasimlərində çağırışçı gənclər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, gündən-günə qüdrətlənən Azərbaycan Milli Ordusunda sədaqət və şərəflə xidmət edəcəklərinə, Ali Baş Komandan, dövlətimizin başçısı İlham Əliyevin əmr və göstərişlərini ləyaqətlə yerinə yetirəcəklərinə, Vətənin etibarlı müdafiəçiləri olacaqlarına və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün, lazım gələrsə, canlarından belə keçəcəklərinə and içmişlər.