BANKLARIN NİZAMNAMƏ KAPİTALI 22,8 FAİZ ARTMIŞDIR
Əhalidən əmanətlərin cəlb edilməsinə 41, xarici valyutada əməliyyatların aparılmasına 42, qiymətli metallarla əməliyyatların aparılmasına 1, təminatların və tapşırıqların verilməsinə 40, plastik kartlarla əməliyyat aparılmasına 29 bankın icazəsi olmuşdur.
Oktyabrın 1-nə respublikada 43 bank, o cümlədən, xarici kapitalın iştirakı ilə 15 bank fəaliyyət göstərmişdir. Xarici kapital 4 bankın nizamnamə kapitalının 50 faizdən 100 faizə qədərini, 10 bankın nizamnamə kapitalının isə 50 faizdən az hissəsini təşkil edir.
Fəaliyyət göstərən bankların filiallarının sayı 338-dir. Bankların xaricdə 1 filialı, 1 nümayəndəliyi, 1 törəmə bankı fəaliyyət göstərir. Bank olmayan kredit təşkilatlarının isə sözügedən tarixə 19 filialı fəaliyyətdə olmuşdur.
Hesabat dövründə bankların nizamnamə kapitalının ümumi həcmi 870,6 milyard manata bərabər olmuşdur ki, bu da 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,8 faiz çoxdur.
2004-cü il oktyabrın 1-nə ümumi nizamnamə kapitalının 137,1 milyard manatı dövlət banklarının, 733,5 milyard manatı isə özəl bankların payına düşmüşdür. Xarici kapitalın iştirakı ilə yaradılmış bankların nizamnamə fondu 309,9 milyard manat olmuşdur ki, bu da ümumi nizamnamə fondunun 35,6 faizinə bərabərdir. 100 faizli xarici kapitallı bankların nizamnamə kapitalı 111,6 milyard manat təşkil etmişdir. Bu da bank sistemi üzrə ümumi kapitalın 12,8 faizi deməkdir. Sözügedən tarixə cəmi nizamnamə kapitalında xarici sərmayələrin payı 163,7 milyard manat olmuşdur ki, onun da xüsusi çəkisi 18,8 faizə bərabərdir. Orta hesabla 1 banka düşən nizamnamə fondu 2004-cü il oktyabrın 1-nə 20,2 milyard manat təşkil etmişdir.