Barana rayon sakinlərinin deportasiyasından 37 il ötür
Bakı, 1 dekabr, AZƏRTAC
Barana rayon sakinləri deportasiyanın 37-ci ildönümünü Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin ofisində keçirilən anım tədbiri ilə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, anım mərasimi Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Barana rayon icmasının sədri Osman Hacıyev Qərbi azərbaycanlıların deportasiya tarixi barədə məlumat verərək həmin dövrün ağır nəticələri və bu tarixi yaddaşın qorunmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Qərbi Azərbaycan İcması Aparatının koordinatoru Fərhad Qəmbərov, Nizami rayon nümayəndəliyinin sədri Xəqani Səfərov, Körpülü kənd icmasının sədri Vidadi Avdıyev, Ləmbəli kənd icmasının sədri Əhmədxan Ənsərov, Barana rayonunun gənclərlə iş üzrə məsul şəxsi Hidayət Qaraca, eləcə də rayon sakinləri — Bilal Ənsər, Mirzə Ənsər, Sevinc Avdıyeva, Vəfa İsmayılova, Cavanşir Kərimov, Qönçə Rəhimova və İslam Xəlilov çıxış ediblər. Çıxışçılar deportasiya xatirələrindən, həmin dövrün sosial-siyasi reallıqlarından və bu tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar.
Sonda Dövlət İmtahan Mərkəzinin imtahanlarında 600-dən yuxarı nəticə göstərən dörd tələbə, həmçinin Romada keçirilən Robot Olimpiadasında qalib olmuş Orxan Yusifli yüksək nailiyyətlərinə və Barana rayonunun nüfuzunun artırılmasına verdikləri töhfəyə görə “Təşəkkürnamə” ilə təltif ediliblər.
Həmçinin bir neçə sakinə Qərbi Azərbaycan İcmasının vəsiqələri və döş nişanları təqdim olunub.