Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. Mayın 16-da Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nizami Rayon Prokurorluğunun inzibati binasında Nizami rayonundan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda iştirak edən 29 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.