Basketbol: “Olimpik Şəki” doğma azarkeşlər önündə uduzub
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Şəki Olimpiya İdman Kompleksində 27-ci turun bağlanış oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Olimpik Şəki” doğma azarkeşlər önündə, pley-offa vəsiqə qazanmış "AAAF Xırdalan" basketbolçularını qəbul edib.
Oyunun ilk dövrəsindən üstünlüyü ələ keçirən "AAAF Xırdalan" zəif rəqibi üzərində 113-79 hesablı asan qələbə qazanıb. Ən məhsuldar basketbolçular - "Olimpik Şəki BK" (Larri Robinson - 19 xal, 8 ribaund), "AAAF Xırdalan BK" (Deymon Makdouel - 23 xal, 4 ribaund).
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında sonuncu 28 -ci turun nəticələrindən asılı olmayaraq, pley-off mərhələsində "AAAF Xırdalan" müntəzəm mövsümü lider tamamlamış "Sabah" kollektivi ilə, paytaxt klubu "NTD" isə region təmsilçisi "Gəncə" ilə qarşılaşacaq.