BDU tələbələrinin uşaq ədəbiyyatına dair təqdimatları müzakirə olunub
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında istehsalat təcrübəsi keçən tələbələrinin yerli və xarici müəlliflərin uşaq ədəbiyyatına dair kitablarının icmalından bəhs edən təqdimatları nümayiş olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, təqdimat zamanı tələbələr uşaq ədəbiyyatına dair müxtəlif kitabları redaktor hazırlığı, bədii tərtibat baxımından şərh edib, ayrı-ayrı nəşriyyatların çap məhsulları arasında müqayisəli təhlillər aparıb, bir sıra təkliflər irəli sürüblər.
Təcrübə müddətində tələbələr Respublika Uşaq Kitabxanasının strukturu, fondu, elektron kataloq və kartoteka sistemi, oxuculara xidmət işi, sənəd dövriyyəsi, elektron resursları ilə tanış olublar.
Tələbələr əldə etdikləri bilik və bacarıqların onların gələcək karyeralarında mühüm rol oynayacağını bildiriblər.
Sonda İnformasiya və sənəd menecmenti fakültəsinin, Respublika Uşaq Kitabxanasının rəhbərliyi və kitabxananın peşəkar mütəxəssisləri tərəfindən tələbələrin təqdimatları müzakirə olunub.