Belarus ilə Azərbaycanın həyata keçirdikləri birgə layihələrin əhatə dairəsi genişdir
Bakı, 1 iyul, AZƏRTAC
Belarus ilə Azərbaycanın həyata keçirdikləri birgə iqtisadi layihələr Bakı, Gəncə, Ağdam, Şəki, Qəbələ, Xankəndi və digər əraziləri əhatə edir. Bunlar iki dövlət arasında münasibətlərin inkişafını göstərməklə yanaşı, gələcəkdə qarşılıqlı faydalı əlaqələrin daha da artacağını deməyə əsas verir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç deyib. O bildirib ki, ötən il ərzində iki ölkə arasında intensiv səfərlər, siyasi və iqtisadi təmaslar həyata keçirilib: “Hökumət başçılarının, Baş nazir müavinlərinin, hökumətlərarası komissiyaların həmsədrlərinin, Belarus Milli Assambleyası Nümayəndələr Palatası sədrinin və bir sıra nazirlik nümayəndələrinin qarşılıqlı səfərləri baş tutub. Bundan əlavə, biznes dairələrinin nümayəndələri tərəfindən 40 qarşılıqlı səfər təşkil edilib. Bu səfərlər və görüşlər əlaqələrin əhatə dairəsini genişləndirir və perspektivdə yeni birgə layihələrin icrasına zəmin yaradır”.
Diplomat vurğulayıb ki, turizm sahəsində Azərbaycan ilə əlaqələrin genişləndirilməsi zəruridir.
“Belarus birtərəfli qaydada 76 dövlətin, o cümlədən Avropanın 38 ölkəsinin vətəndaşları üçün vizasız giriş rejimi tətbiq edib. Ötən il bu imkandan 225 min avropalı istifadə edib. Hər iki ölkənin böyük turizm potensialı var və bu potensialdan istifadə edib qarşılıqlı turist səfərlərini artırmaq, turizm sənayesini inkişaf etdirmək lazımdır və bu, hər iki tərəf üçün səmərəlidir”, - deyə diplomat bildirib.