Belarus səfiri İmişli rayonunun Böyük Vətən müharibəsi veteranlarına yubiley medalları təqdim edib
Bakı, 4 dekabr, AZƏRTAC
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç İmişli rayonuna işgüzar səfərə gəlib.
Belarus səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ilə Azərbaycan-Belarus əməkdaşlığının inkişaf etdirilməsinə və ticarət-iqtisadi münasibətlərin genişləndirilməsinə dair danışıqlar aparılıb.
Səfir N.Patskeviç İmişli rayonunda yaşayan azərbaycanlı veteranlara təntənəli surətdə “Belarus Respublikasının alman-faşıst işğalçılarından azad edilməsinin 70 illiyi” yubiley medallarını təqdim edib.
“Belarus Respublikasının alman-faşist işgalçılarından azad edilməsinin 70 illiyi” yubiley medalı Belarus Prezidentinin 2014-cü il 10 yanvar tarixli 14 nömrəli Fərmanı ilə təsis edilib. Bu medal ilə Belarus Respublikasının azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları və iştirakçıları təltif olunur.