BELARUSDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİNDƏN, ERMƏNİSTANIN ÖLKƏMİZƏ TƏCAVÜZÜNDƏN DANIŞILMIŞDIR
Bakı, 12 sentyabr (AZƏRTAC). Beynəlxalq Diaspor Mərkəzinin (BDM) mətbuat xidmətindən verilən məlumata görə, qurumun sədri İsmayıl Ağayev Belarusun Baranoviçi Dövlət Universitetinin rektoru V. Koçurkonun dəvəti ilə bu ali təhsil müəssisəsinin yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir.
İ. Ağayev çıxışında Azərbaycanın ağrılı problemindən-Qarabağ münaqişəsindən söz açmış, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” kitabını, erməni quldurların Azərbaycan torpaqlarına təcavüzünü və azərbaycanlılara qarşı törətdikləri soyqırımını əks etdirən digər nəşrləri, habelə Azərbaycan xalçasını universitetin rəhbərliyinə təqdim etmişdir. Dünyanın 14 olkəsindən qonaqların iştirak etdiyi tədbir çərçivəsində Belarus dumasının deputatları, təhsil nazirinin birinci müavini və şəhərin meri ilə ayrı-ayrılıqda görüşən İ.Ağayev Azərbaycan həqiqətləri, Ermənistanın ölkəmizə təcavüzü və Belarus ilə münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparmışdır.
Səfər çərçivəsində bu ölkədə yaşayan soydaşlarımızla görüşlər keçirilmiş, mövcud problemlər və Azərbaycan diasporunun inkişafı istiqamətində görüləcək işlər müzakirə edilmişdir. Yaxın günlərdə BDM-in Belarus nümayəndəliyinin yaradılması qərara alınmışdır.
Qeyd edək ki, sentyabrın 12-dən BDM sədrinin Polşa və Çexiyaya səfəri başlayır. Avropa səfərinin sonunda İ.Ağayev Strasburqda olacaqdır. Burada qərbi azərbaycanlıların deportasiyası ilə bağlı BDM-in vəkalətliyi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmiş ərizələrin vəziyyəti öyrəniləcəkdir.
######
