Belçikada 17 yaşlı gənclər könüllü hərbi xidmətə dəvət olunur
Paris, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-dən Belçikada 17 yaşını tamamlayan bütün gənclərə Müdafiə Nazirliyindən birillik könüllü hərbi xidmətə qoşulmaq imkanı barədə rəsmi məktub göndərilir.
AZƏRTAC xəbər verir ki, təşəbbüsü müdafiə naziri Teo Franken irəli sürüb. Ölkə üzrə təxminən 150 000 məktubun göndərilməsi planlaşdırılır. Nazirlik bu məktublar vasitəsilə 1500 gəncin namizədliyini irəli sürəcəyinə ümid edir. Namizədlər arasından 500 nəfər təlim proqramına qəbul ediləcək.
“Təbriklər! Gələn il 18 yaşınız olacaq – həyatınızda mühüm bir mərhələ və gələcəyiniz üçün dönüş nöqtəsidir. Müdafiə Nazirliyi sizə artıq indi unikal bir fürsət təklif edir: birillik könüllü hərbi xidmət”, - deyə məktubda gənclərə müraciət olunur. Ümumilikdə 90 800 məktub holland dilində, 56 900 fransız dilində və 925 alman dilində göndərilib. Təlim proqramı 2026-cı ilin sentyabrında başlayacaq. 375 yer quru qoşunları, 75 yer hərbi hava qüvvələri, 50 yer isə donanma üçün ayrılıb.
Namizədlər əvvəlcə noyabrın 22-dən dekabrın 7-dək təşkil ediləcək məlumat sessiyalarına qeydiyyatdan keçməlidirlər. Bu mərhələdə könüllülərə proqram haqqında əlavə məlumat veriləcək. Seçilmiş gənclərə 10 həftəlik intensiv əsas hazırlıq, ardınca 1–3 həftəlik ixtisaslaşmış təlim keçəcəklər. Sonra onlar hərbi bazalarda praktiki tapşırıqlarda və əməliyyatlarda iştirak edəcəklər.
Məktubda, həmçinin aylıq minimum 2000 avro maaş, iaşə çekləri, tibbi xərclərin ödənilməsi və ictimai nəqliyyatdan pulsuz istifadə hüququ vəd edilir.
“Birillik könüllü xidmət şəxsi və peşəkar inkişaf üçün nadir imkandır. Siz uzunmüddətli dostluq quracaq, dəyərli təcrübə qazanacaq və eyni zamanda ölkəmizin gələcəyinə töhfə verəcəksiniz. Bu gün beynəlxalq vəziyyət fonunda hazırlıqlı olmaq hər zamankından daha vacibdir”, - deyə rəsmi məktubda bildirilir.
Belçika hökuməti üçün bu təşəbbüs, orduya marağı artırmaq və yeni nəsil üçün vətənə xidmət anlayışını yenidən formalaşdırmaq məqsədi daşıyır.