BƏLƏDİYYƏ SEÇKİLƏRİ: MÜTƏŞƏKKİLLİK VƏ YÜKSƏK FƏALLIQ
AZƏRTAC-ın müxbirləri bölgələrdə seçkilərin gedişindən reportajlar hazırlamışlar.
BƏRDƏ RAYONU
Oktyabrın 6-da 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələrində səsvemə yüksək mütəşəkkilliklə başlamışdır. 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, təşkil olunmuş 22 məntəqədə azad, şəffaf, demokratik və ədalətli seçkilər keçirmək üçün lazımi şərait yaradılmışdır.
94 saylı Bərdə kənd seçki dairəsi üzrə 16 seçki məntəqəsi təşkil olunmuşdur. Bu məntəqələrdə 10 min 250 nəfər seçici səs verir.
Səhər saat 10:00-a olan məlumata görə 93 saylı seçki dairəsinin əhatə etdiyi məntəqələrdə 1055 nəfər səs vermişdir ki, bu da ümumi seçicilərin sayının 40 faizini təşkil edir. 94 saylı seçki dairəsi üzrə isə 1441 nəfərdən 396 nəfəri səs vermişdir ki, bu da ümumi seçicilərin 3,8 faizini təşkil edir.
AĞCABƏDİ RAYONU
82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, 6 seçki məntəqəsində bələdiyyə üzvlüyünə 6 yer uğrunda 17 nəfər namizəd mübarizəyə qoşulmuşdur. Dairə üzrə seçici siyahılarına 4 min 501 nəfərin adı daxil edilmişdir.
Saat 10-dək məntəqələrdə seçicilərin 4 faizi səs vermişdir.
83 saylı Ağcabədi-Ağdam seçki dairəsində də seçkilər seçicilərin fəallığı şəraitində davam edir.
TƏRTƏR RAYONU
95 saylı Tərtər seçki dairəsi üzrə 10 bələdiyyə üzvlüyü uğrunda 30 nəfər namizəd mübarizə aparır. Dairə üzrə seçicilərin sayı 2113 nəfərdir. Saat 10-a olan məlumata görə, seçicilərin 7,9 faizi səsvermədə iştirak etmişdir.
119 saylı Ağdam kənd, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtərin seçki dairələrinin əhatə etdiyi məntəqələrdə də seçkilər normal şəraitdə davam etmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Seçkilərin gedişini xarici və yerli müşahidəçilər izləyirlər.
FÜZULİ RAYONU
84 saylı Füzuli seçki dairəsində 11 seçki məntəqəsi yaradılmışdır. Bu məntəqələrdə siyahı üzrə 7235 nəfər səs verməlidir. Bələdiyyə üzvlüyünə 96 yer uğrunda 195 nəfər mübarizə aparır.
Saat 10-a olan məlumata görə, seçicilərin 8,4 faizi seçkilərdə səs vermişdir.
Bütün məntəqələrdə yerli və xarici müşahidəçilər, siyasi partiyaların və bitərəflərin namizədlərinin nümayəndələri seçkilərin gedişini izləyirlər.
80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan seçki dairələrində də bələdiyyə seçkilərinin demokratikliyi, şəffaflığı, obyektivliyi təmin olunmuşdur. Bu dairələr üzrə bütün məntəqələrdə seçkilər seçicilərin yüksək fəallığı şəraitində davam edir.
TOVUZ RAYONU
105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, dairənin 7 məntəqəsində 5 bələdiyyəyə 33 üzv seçiləcəkdir. Bütün məntəqələrdə səsvermə saat 8-də başlamışdır. Səsvermə mütəşəkkilliklə davam edir.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 12 məntəqəsində 6 bələdiyyəyə 13 üzv seçiləcəkdir. Bütün məntəqələrdə səsvermənin gedişini müşahidəçilər izləyirlər. Hələlik qanun pozuntusu qeydə alınmamışdır.
QAZAX RAYONU
107 saylı Qazax seçki dairəsi üzrə seçki keçirilən 4 məntəqədə 4 min 680 nəfər seçici bələdiyyə 3 üzvünü seçəcəkdir. Onlar öz iradələrini ifadə etmək üçün mütəşəkkilliklə məntəqələrə gələrək səs verirlər.
AĞSTAFA RAYONU
108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasından bildirmişlər ki, dairənin 6 məntəqəsində 7 bələdiyyəyə 49 üzv seçiləcəkdir. Onların namizədliyini 5 min 217 seçici müdafiə edəcəkdir.
Bu dairə üzrə də səsvermə prosesi normal davam edir.
İMİŞLİ RAYONU
79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının sədri Sabit Yaqubov bildirmişdir ki, dairə üzrə 34 məntəqə fəaliyyət göstərir. İmişli, Məzrəli, Çahar, Gövhərli, Qaradonlu, Yuxarı Qaralar və Xubyarlı bələdiyyələrinə təkrar, Qulubəyli, Hacı Rüstəmli, Aranlı və Qaraqaşlı bələdiyyələrinə yeni, Ölcələr bələdiyyəsinə isə əlavə seçkilər aparılır. Dairədə qaçqın və məcburi köçkün rayonlarının 6 seçki məntəqəsi də işləyir. Namizədlərin sayı 151 nəfərdir. Seçki prosesinin gedişini 350 nəfər yerli və xarici müşahidəçi izləyir.
Özünüidarəetmə orqanlarına 74 üzv seçiləcəkdir. Seçici siyahılarına 28 min 904 nəfərin adı daxil edilmişdir. Saat 12-dək seçicilərin 4300 nəfəri və ya seçicilərin 14,8 faizi səs vermişdir.
SALYAN RAYONU
6 oktyabr seçkilərində 59 saylı Salyan seçki dairəsi üzrə 4 bələdiyyəyə 25 üzv seçiləcəkdir. Salyan və Quyuçu bələdiyyələrinə təkrar, Kürqaraqaşlı və Cəngən bələdiyyələrinə isə əlavə seçkilər uğurla davam edir.
4 məntəqədə 20 min 281 seçici 56 namizədə səs verməlidir. Namizədlərin 42 nəfəri partiyalar tərəfindən irəli sürülmüş, qalanları isə bitərəfdir. Bələdiyyə üzvlüyü uğrunda mübarizə aparanların 2 nəfəri qadındır.
Səsvermənin gedişini 245 müşahidəçi izləyir. Saat 12-dək seçicilərin 1432 nəfəri səsvermədə iştirak etmişdir.
60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə 14 nəfər bələdiyyə üzvü seçiləcəkdir. Seydan bələdiyyəsinə təkrar, Xıdırlı, Xələc, Şəkərli, Qardılı və Yolüstü bələdiyyələrinə isə əlavə seçkilər keçirilir. Seçici siyahılarına 8646 nəfərin adı daxil edilmişdir. Seçicilər öz iradələrini azad və sərbəst ifadə edir, etimad bəslədikləri namizədlərə səs verirlər. Namizədlərin sayı 26 nəfərdir. Səsvermənin gedişini 80 nəfər müşahidəçi izləyir.
Saat 12-dək 641 nəfər səs vermişdir.
SAATLI RAYONU
62 saylı Saatlı seçki dairəsində 7 məntəqə fəaliyyət göstərir. Bu məntəqələr üzrə bələdiyyələrə 39 nəfər üzv seçiləcəkdir. Həmin yerlər uğrunda 69 namizəd mübarizə aparır.
Seçkilərin gedişini 74 müşahidəçi izləyir. Saat 12-dək 1112 nəfər səsvermə hüququndan istifadə etmişdir.
SABİRABAD RAYONU
63 saylı Sabirabad birinci seçki dairəsinin əhatə etdiyi 25 məntəqənin 17-də yerli əhali, 8-də isə məcburi köçkünlər səs verirlər. 26 min 80 seçici Sabirabad, Məmişlər və Yenikənd bələdiyyələrinə 33 boş yerə təkrar, Cavad və Surra bələdiyyələrinin hərəsində 1 boş yerə əlavə seçkilərdə 74 nəfər namizəddən öz istədiklərinə səs verəcəklər.
Seçkiləri 349 müşahidəçi izləyir. Saat 12-dək 2208 seçici səs vermişdir.
64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə 20 məntəqə fəaliyyət göstərir. Şəhriyar, Qaragüney, Poladtuğay, Muğan-Gəncəli, Osmanlı, Qaratuğay, Nərimankənd bələdiyyələrinə təkrar, Qardaşkənd, Azadkənd, Cəngən bələdiyyələrinə əlavə, Nəsimi, Güdəcühür, Yastı Qobu və Qaratəpə bələdiyyələrinə isə yeni seçkilər keçirilir. Ümumiyyətlə, 70 boş yer uğrunda 162 namizəd mübarizə aparır. Namizədlərin 55 nəfəri siyasi partiyaları, 107 nəfəri isə bitərəfləri təmsil edir. Səsvermənin gedişini 260 müşahidəçi izləyir. Saat 12-dək 1681 nəfər səs vermişdir.
65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsi üzrə 6 bələdiyyəyə təkrar, 3 bələdiyyəyə isə əlavə seçkilər keçirilir. Bu bələdiyyələr üzrə 10 məntəqədə 104 namizəd yer uğrunda mübarizə aparır. Seçkilərin gedişini 101 nəfər müşahidəçi izləyir. Saat 12-dək 1024 seçici səs vermişdir.
BİLƏSUVAR RAYONU
66 saylı Biləsuvar seçki dairəsində 6 məntəqədə 6909 nəfər seçici səs verməlidir. 5 bələdiyyə üzrə 31 boş yer uğrunda 62 namizəd mübarizə aparır. Səsvermənin gedişini 76 müşahidəçi izləyir.
Seçkilər şəffaf, ədalətli keçir, qanun pozuntularına yol verilmir. Saat 12-dək 783 seçici səs vermişdir.
NEFTÇALA RAYONU
61 saylı Neftçala seçki dairəsində 7 məntəqədə 8374 seçici 67 nəfərin namizədliyinə münasibət bildirməlidir.
7 bələdiyyəyə 37 üzv seçilməlidir. Seçkilərin gedişini 172 müşahidəçi izləyir. Saat 12-dək seçicilərin 22,3 faizi məntəqələrə gələrək istədikləri namizədlərə səs vermişlər. Hələlik heç bir qanun pozuntusu qeydə alınmamışdır.
HACIQABUL RAYONU
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi üzrə 6 bələdiyyəyə 7 yeni üzv seçiləcəkdir. 4223 seçici 6 məntəqədə səs verirdi. Həmin yerlər uğrunda 21 nəfər namizəd mübarizə aparır. Onların 7 nəfəri partiyaları təmsil edir, 14 nəfəri isə bitərəfdir. Seçkilərin gedişini 51 müşahidəçi izləyir. Saat 12-dək seçicilərin 23,7 faizi səs vermişdir.
AĞSU RAYONU
87 saylı Ağsu-İsmayıllı seçki dairəsində 11 bələdiyyəyə 17 məntəqədə seçkilər keçirilir. 3 bələdiyyədə təkrar, 1 bələdiyyədə ilk dəfə, 1-də əlavə və 6-da yeni seçki keçirilir. 93 namizəd 33 yer uğrunda mübarizə aparır. Seçkilərin gedişini 171 yerli müşahidəçi izləyir. Saat 12-dək səsvermədə 2202 nəfər iştirak etmişdir ki, bu da ümumi seçicilərin 16,1 faizi deməkdir.
ŞAMAXI RAYONU
85 saylı Şamaxı seçki dairəsi üzrə 9 məntəqədə 7 bələdiyyəyə 7 yer uğrunda 32 namizəd mübarizə aparır.
Seçkilərin gedişini 89 nəfər yerli müşahidəçi izləyir.
Seçici siyahılarına 5677 nəfərin adı daxil edilmişdir. Saat 12-dək seçicilərin 19 faizi səs vermişdir.