SİYASƏT
Belqrad şəhərində Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub
![](/files/galleryphoto/2022/3/1200x630/16680138322588844108_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16680138324850746670_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1668013832315450841_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16680138322812736243_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1668013832615011077_1200x630.jpeg)
Belqrad, 9 noyabr, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiyanın iqtisadiyyat naziri Rade Basta, Serbiya Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəsmiləri, həmçinin digər yüksək rütbəli dövlət və hökumət nümayəndələri, elm, incəsənət və din xadimləri iştirak ediblər. Bir sıra xarici ölkələrin Serbiyadakı səfirləri və bu ölkədə akkreditə diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, eləcə də “AzVirt” şirkətinin rəhbərliyi və əməkdaşları, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz də rəsmi qəbula qatılıblar.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev 8 Noyabr - Zəfər Gününün ölkəmizin tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edib. Bildirib ki, iki il bundan əvvəl noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Şuşa şəhərini işğaldan azad edib və 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə işğalçılar tərəfindən törədilmiş kütləvi dağıntılardan sonra - “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında hazırda ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlanıldığını və artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atıldığını qeyd edən K.Xasiyev, Zəngilan rayonunun Ağalı kəndinə onlarla ailənin qayıtdığını bildirib.
Tədbirdə Azərbaycan-İrs jurnalı və “Xarıbülbül” broşürləri iştirakçılara təqdim olunub.
Mərasimin bədii hissəsində Zəfər Gününə və işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə aid şəkil və videoçarx nümayiş olunub və Azərbaycan klassiklərinin musiqiləri səsləndirilib.
Belqrad