Benelüks Azərbaycanlıları Konqresinin nümayəndələri İsrail prezidenti ilə görüşmüşlər
Strasburq, 1 oktyabr (AZƏRTAC). Mərkəzi qərargahı Amsterdamda yerləşən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun sədri Sahil Qasımovun rəhbərliyi altında BAK-ın nümayəndələri Niderland Krallığında rəsmi səfərdə olan İsrail prezidenti Simon Peres ilə görüşdə iştirak etmişlər.
İsrailin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Haim Divonun şəxsi dəvətinə əsasən görüşdə iştirak edən BAK nümayəndələri bu ölkədə fəaliyyət göstərən tanınmış yəhudi icmaları ilə birlikdə İsrail prezidentini Azərbaycan dilində salamlamışlar.
Niderlandın və İsrailin çoxsaylı KIV nümayəndələrinin də dəvət olunduğu tədbirdə Benelüks Azərbaycanlıları Konqresinin nümayəndələrinin iştirakı maraqla qarşılanmışdır.
Görüşdə tolerantlıq nümunəsi olan Azərbaycanda bütün etnik qruplar kimi, yəhudilərin də yerli xalqla uzun illərdən bəri dostluq və mehriban qonşuluq şəraitində yaşadıqları, dövlətimizin onların dilinin, dininin və mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunmuşdur. Məmnunluq hissi ilə vurğulanmışdır ki, Azərbaycan və İsrail dövlətləri arasında yaxın münasibətlər özünü hər iki ölkənin Avropada və dünyada fəaliyyət göstərən icmalarının və diaspor təşkilatlarının münasibətlərində də biruzə verir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris