SİYASƏT
Benelüks Azərbaycanlıları Konqresinin rəsmləri Brüsselde rəsmi ziyafətdə iştirak etmişlər
Strasburq, 4 oktyabr (AZƏRTAC). Mərkəzi iqamətgahı Amsterdamda yerləşən Benelüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun sədri Sahil Qasımov və Belçika Krallığındakı sədr müavini Musa Pünhan Brüsseldə Türkiyənin Avropa İttifaqındakı müzakirələr üzrə dövlət naziri Egemen Bagışın da qatıldığı Türkiyə İş Adamları Birliyinin Belçika ofisinin təqdimatına həsr edilmiş rəsmi ziyafətdə təmsil olunmuşlar.
Ziyafətdə Avropa İttifaqına üzv ölkələrin millət vəkilləri, siyasi xadimlər, iş adamları, Brüsseldə akkreditə olunan diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
BAK-ın sədr müavini Türkiyə İş Adamları Birliyinin Belçika təmsilçiliyinin təqdimat mərasimində fəal iştirak edərək ofisin açılışına təşkilati və praktik dəstək vermişdir. Mərasimdə iki qardaş ölkə arasında əməkdaşlığın daha da inkişaf etdiyi, beynəlxalq tədbirlərdə biri-birilərini yaxından dəstəklədikləri xüsusi vurğulanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq