SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresinin sədri Haaqada keçirilən Beynəlxalq tədbirdə iştirak etmişdir
Paris, 2 noyabr (AZƏRTAC). Mənzil qərərgahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun sədri Sahil Qasımov Niderland Krallığının inzibati mərkəzi Haaqada Kimyəvi Silahlardan İstifadəni qadağan edən beynəlxalq təşkilat (OPCW) tərəfindən keçirilən tədbirdə iştirak etmişdir.
Qazaxıstan Respublikasının təşkil etdiyi və “Atom layihəsi” adı altında keçirilən tədbirdə OPCW beynəlxalq qurumunun baş katibi Əhməd Üzümcü, Nursultan Nazarbayev adına mərkəzin rəhbəri Kanat Saudabayev, Haaqada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.
Tədbirdə müharibə zamanı kimyəvi silahlardan istifadə etməklə milyonlarla insanın həyatına son qoyulduğu, kimyəvi silahların çox ağır fəsadlar törətdiyi və onun izlərinin uzun müddət qaldığı barədə çıxışlar dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Tədbir zamanı BAK-ın sədri S.Qasımov Qazaxıstanın Niderlanddakı səfiri M.Murzaamadiyeva, hollandiyalı senatorlarla və digər rəsmi şəxslərlə görüşmüş, sülhsevər Azərbaycan xalqının salamlarını tədbir iştirakçılarına çatdırmışdır.
Sonda qonaqlar kimyəvi silahlardan zərər çəkmiş qazaxıstanlı rəssam K.Kuyukovun əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Niderland Krallığındakı səfirliyimizin nümayəndələri də tədbirdə iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris