Berlində Azərbaycanın son illərdə qazandığı uğurlara həsr olunmuş tədbir keçiriləcəkdir
Berlin, 2 oktyabr (AZƏRTAC). Oktyabrın 4-də Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAKM) “Azərbaycan: son on ildə baş verən iqtisadi və ictimai inkişaf” adlı tədbir keçiriləcəkdir.
Tədbirdə son 10 ildə ölkəmizdə bütün sahələrdə gedən inkişaf proseslərindən danışılacaqdır. Tədbir AAKM və Alman-Azərbaycan Forumu tərəfindən birgə təşkil olunacaqdır.
Son on ildə Azərbaycan bir dövlət kimi siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında mövqeyi güclənmiş, ölkədə mühüm sosial islahatlar həyata keçirilmişdir. Qərb və Şərqin qovuşuğunda yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq, Avropaya inteqrasiyanın mərhələlərini uğurla keçmişdir və bu proses davam edir. Keçən dövr ərzində rəsmi Bakının xarici siyasəti, eləcə də xaricdə yaşayan azərbaycanlılarla bağlı siyasəti uğurlu olmuşdur.
Bu və digər nailiyyətlərdən bəhs ediləcək tədbirdə Berlin Azad Universitetinin əməkdaşı Matias Dornfeldin “Azərbaycan: son on ildə baş verən iqtisadi və ictimai inkişaf” mövzusunda məruzəsi dinləniləcəkdir. M.Dornfeld son illərdə müxtəlif qeyri-hökumət təşkilatlarının xətti ilə Azərbaycanda olmuşdur.
Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdaninin moderatorluğu ilə keçəcək tədbirdə AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılovada çıxış edəcəkdir.
Rəsmi hissədən sonra müasir Azərbaycanın inkişafını əks etdirən fotosərgi açılacaq, caz musiqisindən parçalar səsləndiriləcəkdir.
Sonda qonaqlar şam süfrəsi arxasında Azərbaycan mətbəxinin ləziz yeməklərindən dadacaqlar.
Tədbirdə Almaniya Bundestaqının üzvləri və əməkdaşları, Azərbaycanın bu ölkədəki səfirliyinin, Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin