BERLİNDƏ ERMƏNİLƏRİN XOCALIDA TÖRƏTDİYİ CİNAYƏTLƏRİ PİSLƏYƏN MİTİNQ KEÇİRİLMİŞDİR
Berlin, 27 fevral (AZƏRTAC). Almaniyanın paytaxtında, Kayzer Vilhelm kilsəsinin qarşısındakı meydanda mitinq keçirilmişdir. İndi dünyada “Azərbaycan Srebrenitsası” adı ilə də məşhur olan Qarabağın kiçik Xocalı şəhərində erməni silahlı dəstələri tərəfindən törədilmiş dəhşətli cinayətin 17-ci ildönümünə həsr olunmuş mitinqi Almaniya Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzi, Almaniya-Azərbaycan Həmrəylik Cəmiyyəti və “Almaniyada Azərbaycan evi” təşkil etmişdir. Mitinqdə Azərbaycan diasporunun nümayəndələri, habelə bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak edirdilər.
Mitinqə toplaşanlar erməni silahlı dəstələri tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayət və 1949-cu il Cenevrə konvensiyasının Ermənistan tərəfindən pozulması haqqında məlumatı alman ictimaiyyətinə çatdırmaq məqsədi ilə şəhər sakinlərinə sənədli dəlillər - qəddarcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotoşəkillərini təqdim etmişlər. Masaların üzərində “miatsum” ideyasının ilhamvericiləri və icraçıları tərəfindən törədilmiş cinayətlər haqqında müxtəlif dillərdə hazırlanmış çoxsaylı mətbu materiallar düzülmüşdü. Bunların arasında Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş kitabçalar xüsusi yer tuturdu.
Mitinqdə çıxış edənlər 17 il bundan əvvəl baş vermiş faciə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, doğma yurdlarından qovulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında məlumat vermişlər. Tədbirin fəalları yoldan keçənlərə də Ermənistan-Azərbaycan münaqişəsinin və Yerevanın təcavüzkar siyasətinin mahiyyəti haqqında informasiyanı əks etdirən bukletlər paylamışlar.
Almaniya Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılova AZƏRTAC-ın müxbirinə demişdir: “Nasizm dövründən bu günə qədər dramatik təkamül yolu keçərək, Avropa İttifaqının çoxmillətli ailəsində lider rol oynayan ölkəyə çevrilmiş Almaniyada bu cür tədbirlərin təşkili xüsusilə vacibdir. Məhz alman xalqının nasional-sosialist rejimin törətdiyi cinayətlərin mahiyyətini dərk etməsi, İkinci Dünya müharibəsi illərində nasistlərin törətdiyi cinayətlərə görə bugünkü Almaniyanın yəhudi xalqından və dünyanın digər xalqlarından üzr istəməsi sayəsində almanların yeni nəsli keçmişin ağır mənəvi yükündən azad olmuş və yeni tipli - müharibəsiz, milli və irqi zəmində nifrətə yer olmayan Avropaya yenidən inteqrasiya edə bilmişdir. Buna görə, erməni xalqının da almanların müharibədən sonrakı nəslindən nümunə götürərək, ərazi genişlənməsi doktrinasının cinayət xarakterini dərk edəcəyi, daşnak ideologiyasını pisləmək və əcdadlarının törətdiyi qanlı cinayətlərə - 1918-ci ildə Bakıda, Salyanda, Lənkəranda, Xaçmazda, Qubada və Şamaxıda baş vermiş qırğınlara, 1988-ci ildə Spitakda və Qukarkda talanlara, 1992-ci ildə Xocalıda soyqırıma görə Azərbaycan xalqından üzr istəyəcəyi günün yetişməsi çox vacibdir, o günün gələcəyinə isə şübhə yoxdur. Bu addım ermənilərin əcdadlarından onlara miras qalmış cinayətlərin mənəvi yükündən azad olmasına və Cənubi Qafqazın sülhsevər xalqlarının ailəsinə qaynayıb-qarışmasına imkan verər”.
“Almaniyada Azərbaycan evi” təşkilatının rəhbəri Tofiq Qarayev bildirmişdir ki, ermənilərin cinayətlərini pisləyən tədbirlər və kütləvi aksiyalar keçirilməsi avropalıların həqiqəti yalandan, təcavüzkarı təcavüzün qurbanından fərqləndirməsinə imkan verəcəkdir. Biz Almaniya ictimaiyyətini regionumuzda baş verən siyasi proseslər haqqında məlumatlandırmağa davam etdirəcəyik.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin