Berlində Xocalı soyqırımına həsr olunmuş sərgi açılmışdır
Berlin, 25 fevral (AZƏRTAC). Fevralın 24-də Berlinin mərkəzindəki “Palais am Festugsgraben” binasında “Almaniyada Xocalı Günləri” çərçivəsində Xocalı soyqırımına həsr olunmuş sərgi açılmışdır.
Sərginin açılışında çıxış edən “Xocalıya ədalət” hərəkatının AFR-dəki əlaqələndiricisi, Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmaylova bildirmişdir ki, layihə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.
S. Patser-İsmaylova demişdir: “Doğrudur, uşaqların şəkilləri bir qədər sadəlövhdür, lakin balacalar ermənilərin onların valideynlərinin, yaxınlarının və hətta bəzilərinin öz başına gətirdiyi vəhşilikləri gözləri ilə görmüş və rəsmlərində əks etdirmişlər”.
Sonra sərginin müəllifləri - “Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, “Berlin-Bakı” qalereyasının direktoru, Xocalı qurbanlarına Berlində ucaldılmış abidənin həmmüəllifi Azərbaycan rəssamı İbrahim Əhrari, bəstəkarlar Arif Mirzəyev və Məsud Pənahi ilə söhbət olmuşdur.
Sərgi üç hissədən ibarətdir. “Xocalı” adlanan birinci hissədə Şamil Sabiroğlunun Xocalının qətlə yetirilmiş və yaralı əhalisini əks etdirən şəkillər sərgilənmişdir. Sərginin ikinci hissəsi “Ağdam kabuslar şəhəridir” adlanır. Burada Vahid Qazının çəkdiyi və Ağdamın abad keçmişi və darmadağın edilmiş bu gününü əks etdirən fotoşəkillər təqdim olunmuşdur. Sərginin üçüncü - “Xocalı uşaqların gözü ilə” adlı hissəsində faciə zamanı sağ qalmış azərbaycanlı uşaqların, habelə müsabiqəyə qatılmış alman məktəblilərinin rəsmləri nümayiş etdirilmişdir.
Sərgidə hazırda Almaniyada yaşayan tanınmış Azərbaycan rəssamı Əşrəf Heybətovun “Xocalı” pannosu təqdim olunur. Əsərdə ağ və qara rənglər müharibəni, qırmızı rəng isə qanı əks etdirir.
Sərgiyə gələnlər fotoşəkillərə və rəsmlərə bəstəkar Arif Mirzəyevin musiqisinin müşayiəti ilə tamaşa edirlər.
Sərginin açılışında Xocalı soyqırımı haqqında kiçik, lakin çox mənalı animasiya filmi çəkmiş Məsud Pənahi çıxış etmişdir. O demişdir: “Mən 60 yaşındayam və mənim nəvələrim vardır. Mən qətlə yetirilənlərin fotoşəkillərinə və videokadrlara baxandan sonra hələ də özümə gələ bilmirəm. Uşaqların şəkilləri məni elə sarsıtdı ki, bu mövzuda animasiya filmi çəkmək qərarına gəldim”.
Sonda alman məktəblilərinin xoru çıxış etmiş, alman məktəbliləri arasında keçirilmiş Xocalı faciəsi mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunmuşdur. Mükafatları hazırda AFR-də yaşayan həmyerlimiz Tengiz Sade Baron tsu Romkerhall təqdim etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin