Beynəlxalq forumun növbəti panel iclası – Nizami Gəncəvi: müasir dünyaya baxış
Bakı, 25 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 25-də keçirilən növbəti panel iclas “Nizami Gəncəvi: müasir dünyaya baxış” mövzusuna həsr olunub. Panelə Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani moderatorluq edib.
Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Ömer Küçükmehmetoğlu “Nizami Gəncəvi haqqında Türkiyədə yazılan dissertasiya işləri” mövzusunda məruzə edib. O, XX yüzillikdən bəri Türkiyədə dahi Azərbaycan şairinin irsi ilə bağlı elmi tədqiqat işləri aparıldığı, monoqrafiya və kitabların yazıldığını deyib.
“Nizami Gəncəvi və qlobal düşüncə üsulunun yaranması” mövzusunda çıxış edən Rusiya Prezidenti yanında Milli İqtisadiyyat və Dövlət İdarəçilik Akademiyasının professoru Nizami Məmmədov diqqətə çatdırıb ki, Nizami yaradıcılığı əvvəlcə Orta Şərq, sonradan isə Avropa xalqlarının ədəbiyyatına təsir edib. Nizaminin Avropaya təsiri XVII əsrdən başlayır. Nizami öz idealları ilə İslam dünyasını birləşdirib. Onun ideallarında gələcəyə istiqamətlənən sətiraltı mənalar çoxdur.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) Baş katibi, professor Mahmut Erol Kılıç “Nizami simvolları müasir insanlara nə deyər?” mövzusu üzrə çıxışında qeyd edib ki, biz yenidən Nizami Gəncəvilər yetişdirmək haqqında düşünməliyik. Çünki insanlar Nizami Gəncəvi dəyərlərini bilsə, tolerant bir cəmiyyət qurar.
Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun professoru Gaga Lomidzenin moderatorluğu ilə panel iclasın ikinci hissəsi davam edib.
İclasda Daşkənd Dövlət Universitetinin Özbək dili və ədəbiyyatı kafedrasının müdiri Nurboy Cabbarov “Nizami Gəncəvinin “Xəmsə” yaradıcılıq konsepsiyasının bədii təfsiri”, həmin universitetin professoru Nigina Şerməhəmmədova “Nizami yaradıcılığında humanizm”, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Nizami və çağdaş türk dövlətçiliyi”, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Sayman Aruz “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm və bəşəri dəyərlər”, Albaniya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin rəhbəri Entelo Muço “Nizami yaradıcılığı və Albaniya” mövzularında çıxış ediblər.
Məruzələrdə diqqətə çatdırılıb ki, Şərq və Azərbaycan İntibahının XII əsrdə ən humanist nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı multikulturalizm və tolerantlıq elementləri ilə zəngindir. Böyük şair irqindən, milli və dini mənsubluğundan asılı olmayaraq insana çox yüksək dəyər verib. Dahi Nizaminin əsərlərində türk, rus, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlinir.
Məruzələrdən sonra diskussiyalarla davam edən panel iclas iş gününü yekunlaşdırıb.
Qeyd edək ki, “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu noyabrın 26-da iki panel iclasla başa çatacaq.